Vergilərin artımı bahalaşmaya səbəb olacaq – Şərh

Vergilərin artımı bahalaşmaya səbəb olacaq   – Şərh

“Vergi dərəcələrinin artımı ticarətdə və ictimai iaşədə qiymətləri bahalaşdıracaq”.

Aktual.az xəbər verir ki, bunu iqtisadçı-alim Qubad İbadoğlu Milli Məclisdə vergi məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsini şərh edərkən deyib. O, bildirib ki, dəyişikliyə əsasən sadələşdirilmiş vergini ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar dövriyyəsinin 6 faizi, ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlar isə dövriyyəsinin 8 faizi səviyyəsində ödəməlidirlər: “Gələn ildən bu növ vergi öhdəliyi ticarətçilər üçün 1,5 dəfə, restoran-kafe işlədənlər üçün isə 2 dəfə yüksək olacaq. Xərc artımı kimi satışın qiymətində, xidmətin dəyərində maddiləşəcək və həm ticarətdə, həm də ictimai iaşədə qiymətlərin bahalaşmasına gətirib çıxaracaq. Azərbaycanla oxşar vəziyyətdə olan bir çox ölkələrdə sadələşdirilmiş verginin bu forması özünü doğrultmadığından ondan imtina edirlər. Çünki, kiçik sahibkarlıq subyektlərində kassa uçotu və hesabatların aparılması üçün çəkilən məsrəflər inzibatçılıq baxımından sərfəli olmur.

Buna görə də digər ölkələrdə kiçik müəssisələr və fərdi sahibkarlar üçün sadələşdirilmiş verginin başqa növləri də tətbiq olunur”.

Q.İbadoğlu hesab edir ki, beynəlxalq təcrübədə sadələşdirilmiş vergi rejiminin "razılaşdırılmış vergi", "şərti vergi", "patent", "minimal vergi" kimi formaları daha geniş yayılıb: “Praktikada "şərti vergi"nin ən geniş yayılmış formasından biri verginin "patent" şəklində ödənilməsidir. "Patent" vergisinin ödənilməsi, əsasən, kiçik sahibkarlar subyektləri, o cümlədən fərdi sahibkarlar tərəfindən həyata keçirilir. Patentin dəyəri isə təsərrüfat subyektinin dövriyyəsindən və yerləşdiyi ərazidən asılı olmayaraq, konkret fəaliyyət sahəsi üzrə müəyyən edilir. Fərdi və xırda sahibkarlar üçün patent vergi sisteminin (PVS) tətbiqinin əsas məqsədi kiçik biznesin inkişafı və vergi inzibatçılığının təkmilləşdirilməsi üçün daha əlverişli şəraitin yaradılmasıdır.

Biz tərəfdən təklif olunan patent vergi sistemi vergi hesabatları ilə bağlı prosedurların sadələşdirilməsini nəzərdə tutur. Bu sistemdə kassa və mühasibat uçotu aparılmasına və gəlir bəyannaməsinin təqdim olunmasına ehtiyac qalmır. Bundan başqa təsərrüfat subyektləri üçün PVS-nə keçid və əvvəlki sistemə (geriyə) qayıdış könüllüdür. PVS-nin tətbiqinin üstünlüklərindən biri də bu vergini ödəyənlərin digər vergi öhdəliklərindən azad olmasıdır. PVS-nin qəbul edən sahibkarlar fiziki şəxslərin gəlir vergisini, fiziki şəxslərin əmlak vergisini, ƏDV-ni ödəməkdən azad olunurlar”.

Ekspert qeyd edir ki, sadəlik və şəffaflıq patentin hesablanmasının əsas formuludur: “Əgər kiçik sahibkarlar, fərdi şəxslər illik (rüblük, aylıq) patent alarsa, o halda vergi orqanları həmin fərdi sahibkarın gəlir və xərclərinə nəzarət etmir, bu halda da sahibkarlarla vergi müfəttişlərinin ünsiyyətləri aradan qaldırılır. Bu vergi növü Rusiyada, Qazaxıstanda, Qırğızıstanda son illər geniş tətbiq olunaraq özünü doğrultmaqdadır. Həmin ölkələrdə əldə edilən uduşlardan biri də bu növ vergini ödəyən sahibkarların fəaliyyətinə vergi orqanlarının müdaxiləsinin aradan qalxmasıdır. Çünki, qanuna görə vergi ödəyicisinin patenti varsa onu vergi orqanı yoxlaya bilməz. Odur ki, PVS-ə keçid Azərbaycanda kiçik sahibkarlığın və fərdi sahibkarların inkişafına mane olan inzibati baryerlərin, haqsız müdaxilələrin və əsassız yoxlamaların azalmasına gətirib çıxara bilər”.

Xəbər 2623 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR