Vergilər Nazirliyində növbəti kadr dəyişiklikləri

Vergilər Nazirliyində növbəti  kadr dəyişiklikləri

Vergilər Nazirliyində növbəti struktur və kadr dəyişiklikləri olub.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Naziriyin Analitik-informasiya şöbəsindən verilən məlumata görə, Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsinin rəis müavini, vergi xidməti müşaviri Elçin Bəylərov Ərazi vergi orqanları ilə iş üzrə idarənin rəisi vəzifəsinə keçirilib.

Vergilər nazirinin digər əmrləri ilə Bakı Vergilər Departamentinin rəis müavini, baş vergi xidməti müşaviri Rövşən Əhmədov nazirliyin Vergi auditi baş idarəsinin rəisi, Vergi auditi baş idarəsinin rəisi, baş vergi xidməti müşaviri Müsavər Nəbiyev isə nazirin müşaviri vəzifəsinə keçirilib.

Vergilər Nazirliyi tərəfindən həyata keçirilən davamlı islahatlar nəticəsində vergi daxilolmaları üzrə proqnoz tapşırıqları vaxtında və artıqlaması ilə yerinə yetirilir, vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, elektron xidmətlərin genişləndirilməsi istiqamətində məqsədyönlü addımlar atılır.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda regionların inkişafı ölkədə həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi göstərilib. Regionların inkişafı ilə bağlı qəbul edilmiş və uğurla həyata keçirilən dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı ölkə başçısının sərəncamlarında nəzərdə tutulmuş vəzifələrin icrası qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, regionlardan büdcə daxilolmalarının nəzərəçarpacaq dərəcədə artmasına səbəb olub.

Bu baxımdan Vergilər Nazirliyinin ərazi vergi orqanlarının fəaliyyətinə nəzarətin səmərəliliyinin artırılması, vergilərin tam həcmdə və vaxtında ödənilməsinin təmin olunması, yerlərdən daxil olan vətəndaş müraciətlərinə baxılmasına nəzarətin gücləndirilməsi məqsədilə Vergilər Nazirliyində Ərazi vergi orqanları ilə iş üzrə idarə yaradılıb. Yeni idarə nazirliyin Cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin, audit və operativ nəzarət sahələri üzrə müşavir xidməti şöbəsinin, habelə audit və operativ nəzarət sahələri üzrə nazirin müşaviri vəzifələrinin ləğv olunması və onların ştat vahidləri hesabına formalaşdırılıb.

Xəbər 631 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR