Müğənni Əlikram Bayramov vergilər nazirliyi tərəfindən cərimələnib.
Aktual.az xəbər verir ki, müğənni ans press-ə danışaraq ona qarşı haqsızlıq edildiyini və bu məsələni araşdıracağını deyib. Onun sözlərinə görə, vergilər nazirliyi ifaçının gəlirini düzgün hesablamayıb.
“Bu, elə cərimədir ki. 2004-cü ildən bəri vergi ödəyicisiyəm. Birdən-birə mənə Lənkəranın 12 saylı vergi bölməsindən 1666 manat cərimə gəlib. Mən də bilmirəm bu qədər borc hardandır? Mən 2 min, 2 min 500 manata toya gedən adamam. 12 nəfər komandam var, onlarla bölüşürəm. Nəticədə 700-800 manat qalır mənə. Həyatımda 8 min manat toyda pul görməmişəm. 10 il Allaha and olsun əziyyət çəkib 1 ev almışam, 1 dənə də maşınım var. Multimilyoner deyiləm ki”.
Müğənni digər müğənnilərin bu vaxta kimi VÖEN-i olmadığını deyib:
“Elə populyar müğənni tanıyıram ki, 15-20 ildir sənətdədir, əməkdar, xalq artistidir, VÖEN-i yoxdur. Vergiyə bu günə kimi bir qəpik də ödəməyib. İndi gedib ödəyir. Heç onlardan vergi tutan yoxdur. 7-8 minə toya gedən adama da 1685 manat vergi gəlir mənə də 1666 manat gəlib. Bu necə olur?”
Sənətçi Vergilər Nazirliyinin bir çox müğənniləri də cərimələdiyini deyib:
"Əflatun Qubadova 1685 manat , Manaf Ağayevə 2500 manat, klarnet çalan Dilavər 720 manat və bir çox müğənnilər cərimələniblər”.
Vergilər Nazirliyindən ifaçının cərimələnməsinin səbəbi kimi gəlirinin vergi göstəricisindən yayınması göstərilib.
Bir müddət əvvəl Vergilər Nazirliyi xəbərdarlıq edib ki, müğənni öz studiyasında çalışan fiziki şəxslərlə əmək ödənişləri məqsədilə əmək müqaviləsi bağlamalı, studiyada istifadə olunan avadanlıqların və bütün digər alətlərin alışını rəsmiləşdirməli, həmin avadanlıqlara amortizasiya hesablamalı, studiyada istifadə olunan materialların alışı ilə əlaqədar sənədləşmələri təmin etməlidir.
Aktual.az