Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanunda edilmiş dəyişiklikləri təsdiqləyib.
Aktual.az xəbər verir ki, fərmanla məcəlləyə aşağıdakı dəyişikliklər edilib:
1.1. 13.2.57-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 13.2.58-ci maddə əlavə edilsin:
“13.2.58. investisiya təşviqi sənədi - investisiya fəaliyyətini həyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq verilən, bu Məcəllənin 102.1.23-cü, 106.1.17-ci, 164.1.26-cı, 199.11-ci və 207.5-ci maddələrində (bu Məcəllənin 67-2-ci maddəsi nəzərə alınmaqla) və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş güzəştlərin əldə edilməsinə əsas verən sənəddir.”.
1.2. Aşağıdakı məzmunda 67-2-ci maddə əlavə edilsin:
“Maddə 67-2. İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərdən və fərdi sahibkarlardan vergitutma
67-2.1. İnvestisiya təşviqi sənədini almış şəxs təsərrüfat və digər vergitutma obyektlərini bu Məcəllə ilə müəyyən edilmiş güzəşt müddəti bitənədək təqdim etdikdə, mövcud investisiya layihəsinə uyğun olaraq mal (iş, xidmət) istehsalına başlamağı və ya davam etdirməyi öhdəsinə götürən təsərrüfat və digər vergitutma obyektlərini əldə edən yeni şəxsə vergi güzəştləri həmin müddətin qalan hissəsi ərzində verilir.
67-2.2. İnvestisiya təşviqi sənədini əvvəllər almış şəxs yeni investisiya layihəsinə əsasən istehsal sahəsi qurduqda, bu Məcəllə ilə müəyyən edilmiş vergi güzəştləri şəxsin yeni investisiya layihəsi üzrə investisiya təşviqi sənədinin alındığı tarixdən hesablanır.
67-2.3. İnvestisiya təşviqi sənədini almış şəxs vergi güzəştlərinin tətbiq olunduğu dövrdə investisiya layihəsinə aid olmayan fəaliyyət göstərdikdə, həmin fəaliyyətlə bağlı gəlirlərin və xərclərin uçotunu ayrıca aparır və bu fəaliyyətə görə əldə etdiyi gəlirlərdən vergiləri bu Məcəllə ilə müəyyən edilmiş ümumi qaydada ödəyir.”.
1.3. 102.1.22-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 102.1.23-cü maddə əlavə edilsin:
“102.1.23. investisiya təşviqi sənədini almış fərdi sahibkar həmin sənədi aldığı tarixdən əldə etdiyi gəlirin 50 faizi - 7 il müddətinə.”.
1.4. 106.1.16-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 106.1.17-ci maddə əlavə edilsin:
“106.1.17. investisiya təşviqi sənədini almış hüquqi şəxsin həmin sənədi aldığı tarixdən əldə etdiyi mənfəətin 50 faizi - 7 il müddətinə.”.
1.5. 164.1.25-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 164.1.26-cı və 164.1.27-ci maddələr əlavə edilsin:
“164.1.26. investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı – investisiya təşviqi sənədinin alındığı tarixdən 7 il müddətinə;
164.1.27. buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı - 2016-cı il yanvarın 1-dən 1 il müddətinə.”.
1.6. Aşağıdakı məzmunda 199.11-ci maddə əlavə edilsin:
“199.11. İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən müvafiq əmlakına görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddır.”.
1.7. Aşağıdakı məzmunda 207.5-ci maddə əlavə edilsin:
“207.5. İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddır.”.
Maddə 2. Bu Qanunun 1.5-ci maddəsinin ikinci abzası 2016-cı il yanvarın 1-dən tətbiq edilir.
Ölkə başçısının digər sərəncamı ilə dövlət strukturları qarşısında vəzifə və tapşırıqlar müəyyənləşdirilib:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.26-cı maddəsinə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 20.0.17-ci maddəsinə uyğun olaraq, investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi qaydasını on beş gün müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq müəyyən etsin;
1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616; 2005, № 12, maddə 1099; 2006, № 5, maddə 400, № 12, maddə 1034; 2007, № 4, maddə 323, № 12, maddə 1225; 2008, № 11, maddə 972; 2009, № 3, maddə 163, № 4, maddə 226, № 10, maddə 780; 2010, № 7, maddə 610; 2011, № 7, maddə 631; 2013, № 7, maddə 805, № 11, maddə 1324; 2014, № 4, maddə 359, № 5, maddə 477, № 9, maddə 1027, № 10, maddə 1198, № 11, maddələr 1390, 1420; 2015, № 1, maddə 12; Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.1-ci bənddə “13.2.53-cü,” sözlərindən sonra “13.2.58-ci,” sözləri əlavə edilsin;
2.2. 1.24-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.25-ci və 1.26-cı bəndlər əlavə edilsin:
“1.25. həmin Məcəllənin 164.1.23-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Energetika Nazirliyi həyata keçirir;
1.26. həmin Məcəllənin 164.1.26-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir.”.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.