Vəhşi təbiət qoynundakı qızıl sahil QANA

Vəhşi təbiət qoynundakı qızıl sahil  QANA

Ekstrim, ekzotik ab-hava, vəhşi təbiət… Yəqin ki, hər bir insan həyatında heç olmasa bircə dəfə də olsun, bu cür səyahət etməyi arzulayır. Bu arzuları gerçəkləşdirmək üçün Qana Respublikasını seçin. Səyahət zamanı stresdən xilas olmaq, yorğunluğu atmaq, yeniliklər düşünmək istəyirsənizsə, ekzotik Qanadan yaxşı yer ola bilməz.

Qana deyəndə ağıla ilk olaraq, vəhşi heyvanlar və xəstəliklər gəlir. Amma ölkəni səyahət etdikdən sonra buranın həqiqətən də bir çox gözəllikləri olduğunu görəcəksiniz.

Axşam.az xarici mətbuata istinadən Qana ilə bağlı maraqlı məlumatlar təqdim edir.

Qana Qərbi Afrikada yerləşir. Ölkənin paytaxtı Akkra şəhəridir. Şəhərin ətrafı palma ağacları və yaşıllıqla örtülüb. Yollar qapqara asfaltdır. Havadan təmiz bitkilərin, güllərin qeyri-adi ətri gəlir. Ölkədə orta temperatur 26-29 dərəcədir. Ən isti ay martdır, ən soyuq ay isə avqustdur. 

Qanada otellər dörd və beşulduzlu olsalar da çox bahalı deyillər. Ödənişə yalnız səhər yeməyi daxildir. Otellərdə turistlərin rahatlığı üçün bütün xidmətlər var: mətbəx, kondisioner, televizor, internet, lüks şəraitdə vanna otağı. Qiyməti isə cəmi 30 dollardır.

Qana əhalisi işləməyi xoşlamır. Onlar yalnız ac qalmamaq, yemək almaq üçün çalışırlar. Şam yeməyindən sonra küçələrə çıxır, mahnılar oxuyub, rəqs edirlər. Onları var-dövlət düşündürmür. Əgər ailənin 10 üzvü varsa, ondan yalnız biri işləməlidir. Həmişə hər yerə gecikirlər, heç vaxt tələsmirlər… Qanada küçədə heç kim siqaret çəkmir. Yalnız uzun müddət xarici ölkədə yaşayıb, yenidən vətəninə qayıdan qanalı ictimai yerlərdə siqaret çəkir. Qanalılar içki içməyi o qədər də xoşlamırlar.

Gəzinti xəritən

Qananı Afrikanın «Qəribə qalası» adlandırırlar. Çünki şəhərin hər tərəfi qalaçalarla (fortlarla) əhatə olunub. Atlantik okeanı sahilində yerləşən bu ölkə əsl nağıl dünyasıdır. Qana gəzintisi ölkənin paytaxtı Akkra şəhərindən başlayır. Paytaxtda dəbdəbəli, hündürmərtəbəli binalar yoxdur. Qədim üslubda olan Akkranın tarixi Milli muzeydə nümayiş olunur.

Akkra Qərbi Afrikada ən səs-küylü və əyləncəli gecə həyatı ilə seçilir. Akkra gəzintisi zamanı mütləq Aburi botanika bağına da get. 1890-cı ildə salınmış bu bağda 150 yaşlı kapok ağacını görəcəksən. Qədimi xarabalıqlar görmək istəsən Ceymstauna get. Burada əsl Afrika mətbəxini dadacaqsan. İnsanlar bura gələn hər bir turist üçün böyük nahar masası açır, ən ləzzətli yeməklərini hazırlayırlar. Afrikanın ən böyük balıq bazarı və Fort Ceyms də burada yerləşir.

Vəhşi heyvanlar görmək, safaridə gəzmək istəsən, Dodi adasına get. Burada müxtəlif və qorxunc quşlar, yalnız Afrikada bitən bitkilər, meymunlar, babuinlər, antiloplar görəcəksən. Ekstrim sevənlər burada qorxunc yarasalar və qarğalar mağarasını da gəzə biləcəklər. Yaxınlıqdakı meşə qoruğu Botini də gəz. Qoruqdan görünən kakao plantasiyalarının və qədim kəndin mənzərəsinə heyran qalacaqsan. Afrikanın vəhşi dünyasını, heyvanları görmək istəsən Kakum parkına get.

Müqəddəs timsah

Dağətəyi yamacların əksəriyyəti Qananın Qərb hissəsində, Tarkvayada yerləşir. Burada qızıl şaxta Presteaya, Fort San-Antonioya heyran qalacaqsan. Buranın ən gözəl və mistik yeri isə Akateki gölüdür. Akatekidə müqəddəs timsah saxlanılır. İstəsən timsaha yeməkvermə mərasiminə də qatıla bilərsən. Bu mərasim çərşənbədən başqa hər gün həyata keçirilir.

Mistik dünya
Qananın ən mistik və gözəl yerlərindən biri Volta ərazisidir. Çaylar və sehrli göllərlə əhatə olunmuş Volta qədim, tarixi abidələri ilə məşhurdur. Amovi mağarasındakı gəzintini heç vaxt yadından çıxartmayacaqsan. Əfsanəyə görə, «bono-tekimana» tayfası məhz bu mağarada yerin altından peyda olublar. İndi isə bura qanalıların ən müqəddəs yeridir. Hər bir qanalı dara düşəndə bu mağaraya gəlib, dua edir. Onlar buranı «Arzuların yerinə yetdiyi məkan» adlandırırlar. Əgər burada arzu tutub, Allaha dua etsən, 1 həftədən sonra mütləq istəyin reallaşacaq.

Volta Qananın ən ekzotik yeridir. İçərisi timsah, su keçisi, begemotlarla dolu olan çaylarla əhatələnmiş qoruq da məhz burada yerləşir. Əsl safari vurğunu olanlar qoruqda tikilmiş hündürmərtəbəli evdə qalıb, vəhşi heyvanlar içərisində bir gün keçirə bilərlər.

Qananın ən sakit yeri Bronq-Ahafodur. Bura müasir sivilizasiyadan xəbərsiz bir məkandır. İnsanlar özləri əkib-becərir, bazara aparıb satır və bu yolla dolanırlar. Şəhərdə iş yerləri, ofislər yoxdur. Sakit və müasirlikdən kənar olmağına baxmayaraq, Bronq-Ahafo gözəlliyi, qədim binaları ilə turistləri özünə cəlb edir.

Ekvatorial cəngəllik

Ekvatorial cəngəllikdə gəzib, əsl adrenalinin nə olduğunu duymaq istəyənlər üçün Qananın meşələri əla seçimdir. Bir tərəfdə coşqun həyat, yamyaşıl, inanılmaz gözəlliyi olan bitkilər, vəhşi təbiətdə yaşayan sağlam və güclü insanlar… Cəngəllik daş dövrünü xatırladır. Digər tərəfdə isə qorxu, həyəcan… Hər addımında diqqətli olmalısan. Özünü əqrəblərdən, ilanlardan qorumalısan. Əsl ekvatorial cəngəlliyin necə qoxuduğunu burada duyacaqsan. Dünyanın ən təmiz havası məhz buradadır.

Qana gəzintisinin unudulmaz hissəsi Vli şəlaləsidir. Şəlalənin mənzərəsinə heyran qalacaqsan. Hündürlüyü 320 metr olan bu şəlalənin ətrafı müqəddəs məkan hesab edilir. Onun yanında sehrli rituallar edilir. Deyilənə görə, Vlinin ətrafında yaxşı ruhlar və mələklər var.

İsti okean sularında çimib, qızıl qumlu sahillərdə dincəlmək istəsən Labadi, La-Pleje-Biç, Nunquya get.
Qorxulu şamanlar

Toqodan Vuduya gedən yol əsl mistik kinoları xatırladır. Burada dünyanın ən qorxulu şamanları yaşayır. Yolun hər tərəfində asılmış toyuq boğazı, üstünə iynələr batırılmış gəlinciklər, qara magiya görəcəksən. Burada müqəddəs Mariyanın zühur etdiyi yeri də gəz. İnsanlar burada dua edir, arzu tuturlar. Arzun yerinə yetəndə isə toyuq gətirib, müqəddəs yerdə kəsirsən. Şamanlar falına baxıb, həyatınla bağlı hər şeyi doğru deyirlər. Ətrafda fetiş-marketlər var. Marketdə qara magiya üçün lazım olan meymun kəlləsi, yarasa qanadı, kirpi iynələri satılır. Ən çox satılan əşya isə sevgi talismanı olan qolbaq və üzüklərdir. Sevdiyin insana qovuşmaq üçün bu qolbağı taxıb, bəyəndiyin insanın adını 7 dəfə təkrarlamağın kifayətdir.

Qananın heç unutmayacağın yerlərindən biri də piton ilanına sitayiş məbədidir. Deyilənə görə, burada qadınlar pitona ərə getməyə can atırmışlar. Hətta bir vaxtlar məbəddə ilanın yanında cinsi əlaqədə olmaq üçün insanlar növbəyə düzülürmüşlər. Həmin münasibətdən dünyaya gələn uşaq piton Allahının övladı hesab edilirmiş. Pitona sitayiş edən fanatlar onun gözü önündə üzlərinə çapıq çəkərək, qanlarını ora tökürlər. 

Qeyri-adi mətbəx:

Qana mətbəxinin böyük hissəsini qatı şorbalar təşkil edir. Milli yeməkləri ət, dəniz məhsulları və balıqdan hazırlayırlar. Ən dadlı şorbaları ət suyu, göyərti, nişasta və tərəvəzlərlə bişirilən «kenkay»dır. Şorbanı banan, maniok, yams (şirin kartof) və araxisdən hazırlanan çörəklə yeyirlər. 

Ət, balıq, soğan, pomidor, bibər və kokos yağından hazırlanan «Okro styu»nun dadından doymayacaqsan. Qana mətbəxinin ən şan-şöhrətli yeməklərindən biri də balıq, qara lobya və sousla hazırlanan «Bins styu»dur. 

Ən məşhur yemək «fufu»dur. Hər bir qanalı ən az həftədə bir dəfə fufu hazırlayıb, yeyir. Fufunun əsl ləzzətini hiss etmək üçün onu çəngəl-qaşıqla yox, əllə yemək lazımdır. Qanada ən ləzzətli yeməklərdən biri də  yağda qızardılmış Tilapiya balığıdır. Ləzzətli balığın dadı damağından getməyəcək. 

Yerli aşbazların hazırladığı bitki tortu «Tatale»nin fərqli dadına isə heyran qalacaqsan. 

Qanada o qədər də çox desert çeşidləri yoxdur. Ən məşhur desertlər təzə ekzotik meyvələrdən hazırlanır. Qanada ədviyyatlar vurulmuş, yağda qızardılmış banan desertinin dadına mütləq bax. Ən məşhur spirtli içki isə qarğıdalı pivəsidir. Palma şərabının dadını isə uzun müddət unutmayacaqsan.

¨ Ölkəyə xarici valyuta gətirmək olar. Amma burada pulları milli valyutaya çevirəndə Qanadan çıxana kimi qəbzləri saxlamalısan. 
¨ Qızıl, almaz və digər qiymətli daşlara çox önəm verilir. Onların ölkədən çıxarılması qeyri-mümkündür. Bu kimi daş-qaşlarla düzəldilmiş zinət əşyalarını ölkədən çıxartmaq üçün Qiymətli Əşyalar üzrə Komissiyadan lisenziya almalısan. 
¨ Hava limanında, hökumət evinin qarşısında şəkil çəkdirmək olmaz.
¨ Yerli əhali ilə şəkil çəkdirmək istəsən, mütləq pul verməlisən.
¨ Ağdərili insan görəndə aldatmağa çalışırlar. Nə alsan, sənə ikiqat baha satacaqlar. 

Alış-veriş:
Qanada mağazalardan alış-veriş etmək o qədər də uğurlu deyil. Ən yaxşı alış-verişi küçələrdə qurulan bazarlardan etmək olar. Akkra şəhərində yerləşən Makola-Marketdə əsl rəssam işləri, suvenirlər, yerli insanların düzəltdiyi aksesuarlar satılır. Afrikaya məxsus olan ekzotik meyvələr, ədviyyatlar almaq istəsən Kaneşi Marketə get. Mağazalardan bu ölkənin milli ornamentləri ilə bəzədilmiş geyimlər də ala bilərsən. Mağazalar I-V günlər saat 8.00-dan 17.30-a kimi işləyir. Həftənin çərşənbə günü isə mağazalar 8.00-dan 13.00-a kimi açıq olur.  

Aktual.az

Xəbər 4281 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR