"Vasif Talıbov vitse-prezident postuna potensial namizəddir"
“Məncə, sentyabrın 26-da keçiriləcək referendum Azərbaycanda konstitusiya quruluşunun möhkəmlənməsinə, ölkəmizdə demokratik prosesin inkişafına və idarəçilik sisteminin təkmilləşməsinə xidmət edən bir dəyişiklikdir. Bu dəyişikliklər cəmiyyətdə gedən dinamik proseslərin məntiqinə söykənir”.
Aktual.az virtualaz.org-a istinadən bildirir ki, bunu hakim elitanın ən məlumatlı nümayəndələrindən biri, Milli Məclisin deputatı Fəzail Ağamalı “Yeni Müsavat”a müsahibəsində deyib.
Deputat vurğulayıb ki, vitse-prezidentlik institutunun yaradılması xüsusi olaraq diqqəti cəlb edir. Onun fikrincə, bu, Azərbaycanda idarəçilik sisteminin daha da təkmilləşdirilməsi, sadələşdirilməsi və birbaşa ölkə prezidentinin idarəçilik sistemində öz üzərinə düşən səlahiyyətlərin müəyyən hissəsinin şaxələndirilməsi, ölkənin idarə olunmasına yeni bir töhfə verən dəyişiklikdir: “Vitse-prezidentlərin seçilməsi ilə bağlı vacib bir məqam diqqətimi cəlb etdi. Naxçıvan Muxtar Respublikasının rəhbəri Vasif Talıbov uzun illərdən bəri oranı çox böyük uğurla idarə edir. O, Ali Məclisin sədridir. Konstitusiyaya görə də Milli Məclis, Naxçıvan Ali Məclisi hakimiyyətin ikinci qoludur. Onun birbaşa prezidentlə idarəçilik sisteminə bağlılığı yoxdur. Ola bilsin ki, bu bağlılığı təmin etmək üçün Naxçıvan Muxtar Respublikasının rəhbəri Azərbaycan prezidentinin vitse-prezidenti kimi təsbit olunsun və beləliklə, qeyd etdiyimiz boşluq aradan götürülsün”.
Aktual.az