Rusiya vətəndaşlığının ləğv olunması onun Moskvada yenidən biznesə qayıtmasına əngəl olmayacaqmı?
Bir neçə gün əvvəl Qarabağın "prezidenti” Araik Arutyunyan Rusiyaya gedib, burada müxtəlif rəsmi səviyyələrdə görüşlər keçirib, Rusiyanın Qarabağla bağlı mövqeyini müzakirə edib. O, 4 gün əvvəl geri qayıdıb. Bundan sonra "dövlət naziri” Ruben Vardanyan Moskvaya gedib. O, hələ də Moskvadadır və orada eyni məsələləri müzakirə edir. Bu barədə Ermənistanın "Qrapark” nəşri xəbər verib. Qeyd edək ki, Arutyunyan və Vardanyanın Moskvada nəyi müzakirə etdiyi bilinmir.
Həmişə aktiv olan "dövlət naziri” Vardanyan sonuncu dəfə fevralın 6-da facebook-da paylaşım edərək, Suriya və Türkiyə zəlzələsində həlak olan ermənilərə başsağlığı verib. Son iki gündə ondan hər hansı xəbər yoxdur. "Hraparak” Moskva səfərinin Vardanyan üçün yolun sonu olacağını iddia edib: "Arutyunyanın tərəfdarları onun Moskvadan kifayət qədər yüksək əhval-ruhiyyədə qayıtdığını deyirlər. İndi Vardanyan Moskvada özünə qarşı münasibətə aydınlıq gətirir. Ola bilsin ki, qayıdandan sonra aranı sakitləşdirmək üçün könüllü ”istefa" versin". Maraqlıdır ki, Vardanyan gedən kimi Araikin "əl-qolu” açılıb. O, katolikos I Aram ilə telefon danışığı aparıb. Sonra isə Arutyunyan "hüquq-mühafizə sistemi rəhbərliyi”nin iştirakı ilə toplantı keçirib.
Vardanyanın "yoxa çıxması” Xankəndidəki digər separatçılara hələ ki, müsbət təsir etməyib. Qondarma qurumun yeni "xarici işlər naziri” son müsahibəsində yeni Bakı illə birbaşa danışıqlarda maraqlı olduqlarını deməklə bərabər yenə "biz Azərbaycanın yurisdikasiyasında yaşaya bilmərik” söyləyib.
Rusiya uğursuz projesini geri çəkərsə, nə dəyişəcək? Moskvanın onu "birdəfəlik şpris” kimi istifadə edilib tullaması mümkündürmü? Rusiya vətəndaşlığının ləğv olunması onun Moskvada yenidən biznesə qayıtmasına əngəl olmayacaqmı? O da Putinə qarşı olan oliqarxların sırasına qoşula bilərmi?
Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev hesab edir ki, Vardanyan istifadə olundu və indi kənara atıldı: "Vardanyanın Moskvaya müəmmalı səfəri və onun hələ də Rusiyanın paytaxtında ilişib qalması əslində bu rəzil ünsürün, özünü ”dövlət naziri" adlandıran terrorçunun müəmmalı durumundan, ortalıqda qalmasından xəbər verir. Zatən başqa perspektiv ola da bilməzdi. Adamı puluna görə ortalığa atdılar, vəd verdilər, istifadə etdilər, indi isə "rədd olmaq” zamanıdır. Bu səbəbdən Vardanyan qeyb olub və onun hər gün palaz-palaz verdiyi müsahibələrdən, yazdığı feysbuk statuslarından, absurd açıqlamalarından xəbər-ətər yoxdur.
Üstəlik, Arutyunyanın Moskvaya Vardanyandan daha öncə səfər etməsi diqqətdən qaçmır. Demək ki, bir tülkü digər tülkünün necə deyərlər "torbasını tikib”. Baxmayaraq ki, ikisi də tuladır, əmr quludur və nökər təfəkkürlü varlıqlardır, yenə də qabağa deyəsən, Arutyunyan düşüb və lazım olan dairələri Vardanyanın tam perspektivsizliyinə inandıra bilib.
Hadisələri ilkin mənbə olaraq şərh edən "Qrapark” və "Hraparak” nəşrləri 2 ay öncəyə qədər Vardanyanın maliyyəsi ilə qidalanıb. Hətta bu nəşrlər bir ara yaramaz Vardanyanı "xilas mələyi” belə adlandırırdı. İndi isə onların birdən-birə çönməsi ondan xəbər verir ki, Vardanyanın "birdəfəlik şpris” roluna xitam verilib. Hətta ola bilər, Vardanyan Moskvadan heç qayıtmasın. Bütün "peşka”ların axırı budur...
Araikin saraydaxili münaqişədəki üstünlüyü və Vardanyan üzərində qələbəsi isə heç də onun daha güclü və daha hiyləgər olmasından xəbər vermir. Bunlar ikisi də bir bezin qırağıdır, ikisi də "əl oyuncağı”dır, ikisi də terrorbaşıdır. Sadəcə indiki məqamda yəqin Araik daha uyğun şərtlərlə diz çökməyi, əyilməyi, boyunduruq tapşırıqlarını icra etməyi öz boynuna götürüb, ona görə iki yaramaz arasında bu yaramaza daha çox üstünlük verilib.
Eyni zamanda, Arutyunyanın Moskvadan qayıdan kimi Aramla telefon əlaqəsi saxlaması, özünün "hüquq-mühafizə orqanları” ilə görüş keçirməsi və başqa bir girdirmə nazirinin ağzı ilə "Biz Azərbaycanın yurisdiksiyasında yaşaya bilmərik” fikrini dedirtməsi əslində onun "əlinin-qolunun” açılmasından daha çox düşmüş olduğu panik durum kimi xarakterizə edilməlidir. Çünki Araikin çox güman özü də fərqindədir ki, bütün sərsəmləmələri boşunadır, onun Vardanyandan heç bir fərqi yoxdur və elə perspektivi də, gələcəyi də, aqibəti də eynən Vardanyan kimi olacaq. Yəni fiasko!".
Sabiq maliyyə naziri Fikrət Yusifova görə, ortaya sərt mövqe qoymalıyıq: "Qarabağda yaşayan ermənilərə deməliyik: Bura Azərbaycandır! Kim burada Azərbaycan vətəndaşı kimi, onun qanunlarına riayət edərək yaşamaq istəyirsə buyursun. Kimsə bunu istəmirsə, nə qədər ki, gec deyil öz xoşu ilə Azərbaycan ərazisini tərk etsin. Əks təqdirdə, belələri sonda Azərbaycan ərazisini ayağı yalın, qaçqın kimi tərk etmək məcburiyyətində qalacaq. Bu çağırışlar bir zərrə qədər ağlı olan erməni üçün hər şey demək olacaq və o, seçim etmək zorunda qalacaq. Biz üç mindən çox şəhid verib, ikinci Qarabağ savaşında qalib gəlmişik. Prezident İlham Əliyevin dediyi kimi, artıq Dağlıq Qarabağ problem yoxdur. Bəs belə olan halda biz nə üçün erməni millətindən olan bir qrup Rusiya casusunun nazı ilə bu qədər oynayırıq? Ekoloqlar artıq neçənci gündür ki, Laçın Xankəndi yolunda dayanıblar. Onların sadə çağırışları ilə bu problem çözülməz. 44 günlük müharibədə məğlub olmuş Ermənistan sülh müqaviləsindən imtina edir, Zəngəzur dəhlizinin açılmasına imkan vermir, sərhədlərimizi tanımaq istəmir, indi də özləri kimi əxlaqsız bir millətin fransızların hərbi qüvvələrini Azərbaycan Ermənistan sərhədlərinə gətirilməyə çalışır. Bu dönəmdə Laçın Xankəndi yolunda ekoloqların yerini Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları tutmalıdır. Ermənistandan Xankəndinə və geriyə aparılan hər bir yük təftiş edilməlidir. Necə olur ki, ekoloqlar yolu bağlaya-bağlaya Vardanyanlar, Arutyunyanlar İrəvana və geriyə Xankəndinə sərbəst gedib gələ bilirlər. Bu yolu bağlayıb ultimatum vermək lazımdır: Xankəndinə və geriyə aparılan bütün daşımalar yoxlanacaq, ərzaq, dərman və bu qəbildən olan humanitar yüklərdən başqa bir başqa yüklər buraxılmayacaqdır. Biz erməniləri Xankəndi deməyə öyrətdiksə deməli bu adamlar ”öyrənə bilirlər", sadəcə onları başa düşdükləri dildə öyrətmək lazımdır. Onda Qarabağda nə "prezident”, nə "baş nazir”, nə "parlament”, nə də "xarici işlər naziri” anlayışı olmayacaq".
BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı isə bildirdi ki, Vardanyan Rusiya tərəfindən hazırlanmış bir layihədir: "Putin Vardanyanı Araik Arutyunyanla dəyişmək üçün yox, birbaşa Ermənistanın baş naziri Nikol Paşinyanı devirmək üçün hazırlayır. Putin Rusiyada milyardlar qazanmış Vardanyanı təsadüfən seçməyib. Vardanyanın bütün var- dövləti Rusiyadadır. Onun başqa yolu yoxdur. Hal-hazırda Qərb də, Amerika da çox yaxşı başa düşür ki, Vardanyan kartı ilə Qərbpərəst Paşinyanın devrilməsi planı işə düşüb. Rusiya Vardanyanı Moskvaya ona görə çağırıb ki, növbəti tapşırıqlarını, təlimatlarını versin. Qondarma qurumun ”xarici işlər naziri"nin səfeh-səfeh danışmasına gəldikdə isə, bizim üçün heç bir önəmi yoxdur. Beynəlxalq hüquq və bütün dövlətlər yaxşı bilir ki, Qarabağın bütün ərazisi, o cümlədən Xankəndi də Azərbaycanın qanunu ərazisidir. Bir vaxtlar Paşinyan da deyir ki, bir santimetr torpaq verməyəcəyik. Ancaq biz öz torpaqlarımızın 85 faizini geri qaytarmışıq. Hələ ki, Moskva Vardanyandan istifadə edir və onu gələcək seçkidə alternativ hazırlayır. Qərb də növbəti seçkidə hər cür maliyyə dəstəyi ilə Paşinyana dəstək verəcək. Seçkinin nəticəsindən sonra Vardanyanın aqibəti bəlli olacaq. Ancaq inanmıram ki, Vardanyan Putinə qarşı olan oliqarxlar sırasında olsun. Bu onun üçün çox baha başa gələ bilər..."(musavat.com)
Xəbər 995 dəfə oxunub.