Vaqif Dərgahlı: "Rəhbərlik tapşırıb ki, dinc əhaliyə atəş açılmasın"

Vaqif Dərgahlı:

“Düşmənin gecə saatlarında atəşkəsi pozmasının əsas məqsədi yaşayış məntəqələrini hədəfə almaqdır”.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, aprelin 26-dan başlayaraq Ermənistan silahlı bölmələri sırf mülki əhali arasında itki olsun deyə, gecə saatlarında atəşkəsi kobud surətdə pozurlar: “Bu bir daha erməni barbarlığını nümayiş etdirən faktdır. Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən ermənilərin bu cür aqressiv addımlarının qarşısının alınması üçün adekvat tədbirlərin görülməsi məqsədilə təmas xəttinə yaxın olan bölmələrimizə birmənalı şəkildə tapşırıq verilib ki, düşmənin atəş nöqtələri susdurulsun. Həmçinin Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən tapşırıq verilib ki, Azərbaycan silahlı bölmələri işğal altında olan ərazilərdə məskunlaşan dinc əhaliyə atəş açılmasın. Bizim məqsədimiz düşmənin atəş nöqtələrinə adekvat cavab zərbələri endirməkdən ibarətdir. Bu da düşmənin atəşini susdurmaq məqsədi daşıyır. Nazirliyin rəhbərliyinin tapşırığına uyğun olaraq silahlı bölmələrimiz düşmənə layiqli cavab zərbələri endirib”.

V. Dərgahlı həmçinin ermənilərin qadağan olunmuş silahlardan istifadə edilməsi məsələsində də toxunub. O qeyd edib ki, belə faktlar var və ictimaiyyətə bu barədə məlumat verilib: “Hazırda həmin qadağan olunmuş silahların mənşəyi araşdırılır. Ermənilərin bu silahlardan istifadə etməsi beynəlxalq konvensiyalara ziddir, ermənilər əhali arasında çoxsaylı itki olması üçün bütün vasitələrdən istifadə etməyə çalışır”.

V. Dərgahlı əlavə edib ki, son günlər ərzində Azərbaycan ordusu heç bir itki verməyib, hər hansı hərbi texnika sıradan çıxarılmayıb. 
Qeyd edək ki, bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə ölkədə akkreditasiyadan keçmiş xarici ölkələrin media orqanlarının təmsilçiləri və yerli KİV nümayəndələri (ümumilikdə 45 media nümayəndəsi) XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin müşayiəti ilə cəbhə bölgəsinə gediblər.

Media təmsilçiləri öncə Bərdə rayonunda olub, Bərdə Diaqnostika Mərkəzində müalicə olunan, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaralanan mülki vətəndaşlara baş çəkiblər.

Daha sonra Ağdam rayonuna gedən jurnalistlər ermənilərin atəşi nəticəsində həlak olan Çəmənli kənd sakinləri Mustafayev Famil Əli oğlu və Hüseynov Əli Müseyib oğlunun yaxınları ilə görüşüb, xəsarət alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Çəmənli kənd sakinlərinə baş çəkiblər.

Cəbhə bölgəsində yola düşən xarici media nümayəndələri arasında BBC, “Reuters”, “Bloomberg”, “France-Presse”, “RİA Novosti”, “Anadolu”, TRT, İHA, "Cihan", “Rossiya 24” kanalının əməkdaşları, israilli media eksperti Arye Qut və s. var. Moldovanın keçmiş ombudsmanı Aurelia Qriqoriu da heyətdə təmsil olunub.

Xəbər 447 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR