Vahid Mustafayevdən “Hesabat”la bağlı - Açıqlama

Vahid Mustafayevdən “Hesabat”la bağlı   - Açıqlama

ANS TV-nin “Mir Şahinlə Hesabat” proqramının Milli Televiziya və Radio Şurasının qərarı ilə dünən müəmmalı surətdə bağlanması, bu gün isə təcili formada yenidən açılması cəmiyyətdə müəyyən suallar yaradıb.
Aktual.az anspress-ə istinadən bu suallara aydınlıq gətirmək üçün ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayevin açıqlamasını sizə təqdim edir.

"ANS TV-nin efirində 15 il yayımlanan, milyonlarla tamaşaçı auditoriyası qazanan “Mir Şahinlə Hesabat” həftəlik analitik-informasiya proqramının yayımının bir ay müddətində dayandırılması barədə Milli Televiziya və Radio Şurasının 22 yanvar 2016-cı il tarixli əsassız, qərəzli və qanundankənar qərarı Azərbaycanda və xaricdə geniş rezonansa səbəb oldu.

İsveçrədə işgüzar səfərdə olmasına baxmayaraq həmişə Azad Sözə və Mətbuata dəstək olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev baş verən hadisələr barədə məlumat aldıqdan və vəziyyəti dəqiqləşdirdikdən sonra lazımi qurumlara ANS TV-nin “Hesabat” proqramının yayımı ilə bağlı qoyulan qadağaların ləğvi barədə göstəriş verdi.

Dövlət başçısı həmişə olduğu kimi Azərbaycanda Demokratiyanın, Söz Azadlığının, Müstəqil Mətbuatın və eyni zamanda Sahibkarların yanında olduğunu bir daha nümayiş etdirdi. Bununla da Azərbaycan Prerzidenti növbəti dəfə vətəndaşlarının Konstitusion Hüquq və Azadlıqlarının qarantı olduğunu isbat etdi.

Mən, ANS Şirkətlər Qrupunun kollektivi və milyonlarla tamaşaçımız, dinləyicilərimiz və oxucularımız adından Prezidentimizə tutduğu ədalətli mövqeyə görə bir daha dərin minnətdarlığımı bildirirəm.

Allah Sizi qorusun!"

MTRŞ-nin ötən gün keçirilən iclasında ANS televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar inzibati icraata dair işə baxılıb. ANS televiziyasının efirində yayımlanan “Hesabat” analitik-informasiya proqramının 27 dekabr 2015-ci il və 17 yanvar 2016-cı il tarixli buraxılışlarında televiziya yayımının əsas prinsiplərinin və proqrama verilən tələblərin pozulması - proqramlarda informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunmadığını, işgüzar nüfuzun ləkələnməsinə yol verildiyini, faktlar və hadisələrin ədalətli şərh olunmadığını, birtərəfliliyə yol verildiyini nəzərə alaraq Şura “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə uyğun olaraq ANS televiziyasının efirində “Hesabat” analitik-informasiya proqramının yayımı 24 yanvar 2016-cı il tarixdən etibarən 1 ay müddətinə dayandırıb.

Bu gün isə Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS televiziyası ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, "Hesabat" verilişi ilə bağlı qəbul edilən qərarın icrası müvəqqəti dayandırılır.

Xəbər 554 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR