Azərbaycanlı milyarder Vahid Ələkbərov “LUKoyl” şirkətinin yenidən prezidenti olmaq üçün namizədliyini irəli sürüb.
Aktual.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin yaydığı açıqlamada məlumat verilib.
Bildirilib ki, Vahid Ələkbərov şirkət rəhbərliyinin namizədlər siyahısında yeganə şəxsdir. Səsvermə siyahısına bir tək Vahid Ələkbərovun adı salınıb.
Qeyd edək ki, Vahid Ələkbərov 1 sentyabr 1950-ci ildə Bakının o vaxtkı Razin qəsəbəsində anadan olub. Atası Yusif Ələkbərov müsəlman azərbaycanlı, anası isə rus kazak tayfalarından olan Tatyana Fyodrovna xristian olub.
Əmək fəaliyyətinə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Neft Akademiyası) təhsil aldığı vaxt "Kaspromneft" müəssisəsinin 2 nömrəli mühəndis-texnoloji xidmətində neft və qaz hasilatı üzrə operator kimi başlayan Ələkbərov, SSRİ neft və qaz sənayesi nazirinin müavini, daha sonra nazirin birinici müavini olub.
1991-ci ilin sonunda Perm, Volqoqrad və Majeyski zavodları ilə Lanqenpasneftqaz, Urayneftqaz və Koqalımneftqaz (sonradan bu üç zavodun baş hərfləri "LUKoyl" şirkətinin adına çevrildi) arasında müqavilənin imzalanmasına nail olaraq, Rusiyada ilk neft konsernini yaradıb.
1993-ci ildən indiyədək Lukoyl şirkətinə prezidentlik edir. "Şərəf nişanı" və Dostluq ordenləri, "Qərbi Sibirin dərinliklərinin öyrənilməsi və neft-qaz kompleksinin inkişaf etdirilməsinə görə" medalı ilə təltif olunub, iqtisad elmləri doktorudur. O, dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlıdır.
Vahid Ələkbərovun 2016-cı il üçün şəxsi sərvəti 8,9 milyard dollar təşkil edib. O, dünyanın ən zəngin 124-cü adamıdır.
// Aktual.az