IDEA İctimai Birliyi və "Sevimli bala" təşkilatı tərəfindən 2015-ci ildə uğurla həyata keçirilmiş "Uşaqlar üçün ekoloji laboratoriya" layihəsi 2016-cı ildə davam etdiriləcək.
Aktual.az bildirir ki, IDEA-dan Trend-ə verilən məlumata görə, bu ilin ilk laboratoriya təlimi 23 yanvar tarixində baş tutacaq. Uşaqların ətraf mühit və canlı aləm barədə biliklərinin artırılması məqsədini daşıyan laboratoriyanın yanvar təlimi qütb dairəsi və onun təbiəti mövzusuna həsr olunacaq.
Təlim zamanı uşaqlara qar və buz, onların xüsusiyyətləri, qütb heyvanları, Antraktidanın coğrafiyası və s. barədə geniş məlumat veriləcək, həmçinin "kiçik ekoloqlar"a buzun və qar dənəciklərinin necə formalaşdığı, quru buzun necə olduğu sınaqlar vasitəsilə izah olunacaq.
Təlimin gedişində iştirakçılar bir sıra laboratoriya sınaqlarının keçirilməsində iştirak edəcək və müxtəlif materiallardan kiçik "sənət əsərləri" də düzəldəcəklər.
IDEA İctimai Birliyi və "Sevimli Bala" təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunacaq yanvar laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, qütb təbiəti ilə kiçik yaşlardan tanış olmaları baxımından mühüm töhfə verəcək.
IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq "Uşaqlar üçün ekoloji laboratoriya"da iştirakla bağlı IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur.