Bir çox analar üçün uşağın məktəbə hazırlıq dövrü ən böyük problemə çevrilir. Uşağınızın məktəbə hazır olub-olmamasını necə yoxlamaq olar?
Aktual.az saglamolun.az-a istinadən bildirir ki, bunun üçün sizə bir neçə özünəməxsus maraqlı testlər təqdim edirik. Bu testlər sizə uşağınızın məktəbə hazırlıq səviyyəsini müəyyən etməyə kömək edər.
1. Uşaga heyvanlar haqqında bir nağıl danışın. Bu nağılda hər bir personaj nəyə görə məktəbdə oxumaq istədiyini bildirir. Məsələn, məktəbli dovşan deyir: "Mən məktəbə ona görə gedirəm ki, anam məni buna məcbur edir". Tülkü balası isə cavab verir:
"Mən məktəbə ona görə gedirəm ki, oxumaq, yeni şeylər öyrənmək, tapşırıq yazmaq mənim xoşuma gəlir. Hətta məktəb olmasa idi, mən yenə də oxumağı, yazmağı öyrənərdim". Üçüncü qəhrəman deyir: "Mən məktəbə ona görə gedirəm ki, orada çoxlu uşaqlar var, onlarla oynamaq, danışıb-gülmək olar".
İndi bu sualı uşağınıza verin: "Necə fikirləşirsən, nəyə görə məktəbə getmək lazımdır? Sən nə üçün məktəbə getmək istəyirsən?" Əgər uşaq sizə təxminən nağılımızın birinci və üçüncü qəhrəmanı kimi cavab verərsə, deməli, o hələ məktəbə getməyə, bilik almaq kimi mürəkkəb prosesə hazır deyil.
2. Uşağın məktəbə hazırlıq dərəcəsinin daha bir göstəricisi - nitqin inkişafıdır. Uşaqdan ona oxuduğunuz kiçik (6-7 cümlə) hekayəni sizə danışmağını və ya baxdığı multiplikasiya filminin məzmununu söyləməyini xahiş edin. Əgər uşaq sözləri çətinliklə uzlaşdırırsa, düzgün cümlə qura bilmirsə, süjet xəttini (başlanğıc, orta, son) məntiqi şəkildə qura bilmirsə, demək, nitqin inkişaf etdirilməsi üzərində hələ çalışmaq lazımdır. Bu halda ən effektiv üsul - ucadan kitab oxumaqdır. Gündə yarım saatdan az olmayaraq uşağa nağıl və hekayələr oxuyun. Sonra isə oxuduğunuzdan ona suallar verin. Bu zaman siz onun diqqət və yaddaşını məşq etdirib möhkəmləndirirsiz.
3. Uşaqla "artıq sözü tap" oyunu oynayın. Hər hansı bir sözü seçin. Məsələn, nar sözünü. Sözü bir neçə dəfə təkrar edin, sonra arada onun əvəzinə oxşar söz deyin:
Nar, nar, nar, nar, nar, qar, nar.
Uşağa tapmaca verin:"Qoyun sözü "q" hərfini itirsə nə olacaq? və ya "qo" hecasını itirsə nəyə çevriləcək"?
Əgər uşaq asanlıqla sözü hecalara bölürsə, deməli, fonematik eşitmə hissi inkişaf edib. Bu isə məktəbdə oxumaq üçün vacib şərtdir. Əks halda, uşaq ana dilini (xüsusilə orfoqrafiyanı) öyrənməkdə çətinlik çəkəcək.
4. Uşağın məntiqinin nə dərəcədə inkişaf etməsi də əhəmiyyət kəsb edir. Aşağıdakı cümlələri bitirməyi uşaqdan xahiş edin: "Qışda paltarsız küçəyə çıxsan...", "Yağış yağıb, ona görə də...".
5. "Dördüncü artıqdır" oyununda uşağa 4 sözdən ibarət sıralar təklif edin. Hər bir sırada uşaq artıq olan bir sözü tapmalıdır. Məsələn: stol, stul, divan, pəncərə.
Söz-məntiq dərrakəsi 6-7 yaşlarında formalaşmağa başlayır. Yuxarıdakı məsələləri həll edərkən uşaq yalnız 1-2 səhvə yol verərsə, deməli, onda bu proses normal gedir. Səhvi daha çox olarsa, uşaqla məşqləri davam etdirmək zəruridir.
6. Kiçik motorika, yəni əllərin kiçik əzələlərini işlətmək uşağın inkişafı üçün çox vacibdir. Plastilindən əşyalar düzəldilməsi, kağızdan cürbəcür aplikasiyaların kəsilməsi kiçik motorikanı yaxşı inkişaf etdirir. Məktəbə hazır olan uşaq çox asanlıqla qayçıyla kağızdan müxtəlif fiqurlar (həndəsi fiqurlar daha yaxşı olar) kəsərək kağıza yapışdırır, dama-dama dəftərdə çəkilən və həndəsi fiqurlardan ibarət olan naxışları təkrar edə bilir, kağızda müxtəlif uzunluqda olan xəttlər və sadə şəkillər çəkir, şəkilləri rəngləyir, plastilindən sadə əşyalar düzəldir.
Əgər bu tapşırıqları yerinə yetirmək uşaq üçün çətin olarsa, demək, onun əlinin kiçik əzələlərini müvafiq idman məşğələləri ilə inkişaf etdirmək lazımdır. Nəyə görə bu, vacib hesab olunur? Məsələ ondan ibarətdir ki, insanın baş beynində nitq qabiliyyətinə və əl barmaqlarının hərəkətinə cavabdeh olan mərkəzlər bir-birinə çox yaxın yerləşmişlər. Beləliklə, kiçik motorikanı stimullaşdırarkən, biz həmçinin beyində uşağın nitq qabiliyyətini inkişaf etdirən mərkəzi də aktivləşdiririk.
Beləliklə, kiçik bir nəticəni qeyd edək. 5-6 yaşında olan uşaqlar nəyi bacarmalıdırlar?
1. Yaddaş, diqqət, düşüncə: şəkillərdə olan səhvləri və uyğunsuzluqları tapmaq; 6-8 sayda şəkilləri düzgün ardıcıllıqla düzmək; verilmiş şəkildə olan 5-6 əşyanı yadda saxlamaq; əşyaların düzülüşündə olan qanunauyğunluğu aşkar etmək; iki əşya və rəsmlər arasında olan oxşarlıqları və fərqləri tapmaq; verilmış əşyalar arasında artıq hesab ediləni tapmaq və bunu izah etmək; bütün rəngləri düzgün demək və onları ayırd etmək; təbiət hadisələrini ayıra bilmək; ilin fəsillərinin ardıcıllığını və həftənin günlərini, günün hissələrini (səhər, günorta, axşam) düzgün müəyyən etmək; "dünən", "sırağagün", "bu gün", "sabah", "birisigün" sözlərinin mənasını bilmək; "bizin planet necə adlanır? (yaşadığı şəhərin adını, Vətənimizin paytaxtını) və s. bu kimi sualına cavab vermək və s.
2. Riyaziyyat: 1-dən iyirmiyədək və əksinə və onluqlarla olmaqla 100-dək saymağı bilmək; rəqəmləri tanımaq, onları düzgün ardıcıllıqla düzmək və yazmaq; əşyaların sayını müqayisə etmək, ">", "<", "=" işarələrinin mənasını bilmək; əşyaları ölçülərinə (uzunluğu, eni, hündürlüyü, qalınlığı) görə müqayisə etmək; tək və cüt rəqəmləri ayırmağı bilmək; sadə toplama və çıxmaya aid mısal və məsələləri həll etmək; həndəsi fiqurları (dairə, oval, üçbucaq, kvadrat, düzbucaq, romb, trapesiya) tanımaq və adlarını demək.
3. Nitqin (danışıq qabiliyyətinin) inkişafı: ətrafdakı əşyaların adını demək, insanların və heyvanların hərəkətlərini danışmaq; "mebel", "oyuncaqlar", "nəqliyyat", "qida məhsulları", "meyvələr", "tərəvəzlər", "paltar", "musiqi alətlər" və s. ümumiləşdirici sözlərin mənasını bilmək; əşyaları əlamətlərinə görə (dondurma - soyuq, ağ, şirin) tanımaq, əşyanın əlamətlərini müstəqil şəkildə demək; bir-birinə yaxın və əks olan sözləri (dayaz-dərin) tapmaq; içərisində, üstündə, altında, arxasında, arasında, önündə, yanında və s. bu tip sözlərin mənasını bilmək; müxtəlif peşələrin, bayramların adlarını bilmək; danışmağı bacarmaq (suallara cavab vermək və düzgün sual vermək); bir neçə şeir bilmək, tapmacaları tapmaq; verilmiş şəkilə baxmaqla 6-7 cümlə ilə onun haqqında danışmaq; danışılan əhvalatın sonunu özündən qoşmaq; sözdə olan ilk və son səsləri tapmaq; hərfin səsdən fərqini bilmək; iki və daha artıq hecadan ibarət olan sözləri oxumaq və onların mənasını bilmək; sözləri hecalara bölmək; cümlələri və kiçik mətinləri oxumaq; oxuduğunun mənasını bilmək; hərifləri və hecalarla oxumağı bilmək.
Əgər sizin uşaqda yuxarıda adları sayılmış qabiliyyətlər yoxdursa və ya çox az inkişaf edibsə, deməli, o hələ məktəbə hazır deyil. İmkan dairəsində, uşağı inkişaf etdirən və ya hazırlıq qruplarına yazdırın ki, gələn il o özü üçün yeni olan dünyaya sakitlik və sevinc hissi ilə daxil ola bilsin.