“Biz daha intensiv dialoqa vasitəçilik etmək istəyirik”
Yaxın günlərdə həmsədrlərin regiona səfəri gözlənilir, səfər zamanı qarşıdurmalar riskinin azalması və dialoqun təşviqinə dair təkliflər irəli sürüləcək.
Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Armenpress-ə verdiyi müsahibəsində ATƏT-in Minsk qrupunun ABŞ həmsədri Ceyms Uorlik bildirib.
Azərbaycanın AŞPA-da Qarabağ münaqişəsinə dair qətnamələrin müzakirəsində ATƏT-in Minsk qrupunun mövqeyi ilə əlaqədar narazıçılığını şərh edərkən C.Uorlik bildrib ki, onlar bu məsələlərin müzakirəsinin əleyhinədirlər.
“Biz öz bəyanatımızda Minsk qrupunun bütün tərəflər üçün yeganə uyğun format olduğunu vurğulamaq istərdik. Ümid edirəm, Ermənistan və Azərbaycan Minsk qrupu ilə sıx əməkdaşlığa dair öhdəçiliyə sadiq qalacaqlar”, - o deyib.
Bununla yanaşı, C.Uorlik qeyd edib ki, münaqişənin həllinin açarları prezidentlərin əlindədir.
“Biz daha intensiz dialoqa və daha sistemləşdirilmiş dialoqun qurulmasına vasitəçilik etmək istəyirik ki, sülhə gedən yolda irəliləyişlər qeyd edək”, - o deyib.