Dağlıq Qarabağdakı de-fakto hakimiyyətlə bağlı ABŞ-ın siyasəti dəyişməz olaraq qalır. Biz Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edirik.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
C. Uorlik bildirib ki, münaqişənin hərtərəfli həllinin bir hissəsi olaraq işğal olunmuş torpaqlar qaytarılmalıdır:
“Bura Dağlıq Qarabağın statusunun müəyyənləşməsi də daxildir. Qeyd edilməlidir ki, ədalətli həll beynəlxalq hüquqa əsaslanmalıdır. Buraya Helsinki Yekun Aktı və güc tətbiq etməmə və ya güc tətbiqi ilə hədələməmə, ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsipləri daxildir.
Nə biz, nə də Ermənistan da daxil olmaqla, başqa bir ölkə Dağlıq Qarabağdakı rejimi tanımır. Bununla belə, ATƏT-in Minsk Qrupunun həmsədrləri etdiyi kimi, Dağlıq Qarabağın bütün əhalisinin səsini dinləmək lazımdır", - deyə amerikalı həmsədr əlavə edib.
Qeyd edək ki, separatçı Dağlıq Qarabağ rejiminin "xarici işlər naziri" Karen Mirzoyan ABŞ-a səfəri çərçivəsində Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorliklə görüşüb. Görüş Azərbaycanda ciddi narazılıqla qarşılanıb.