Azərbaycan dilində vaxtilə işlənən, lakin sonradan unudulan sözlər müəyyən ediləcək.
Bunu Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu deyib.
Azərbaycan dilinin etimoloji lüğətinin hazırlanmasının nəzərdə tutulduğunu deyən M.Nağısoylu hesab edir ki, qədim türk sözləri lüğəti hazırlanmalıdır.
M.Nağısoylu bildirib ki, unudulmuş sözlər daha çox “Kitabi-Dədə Qorqud” yazılı abidəsində, orta əsrlərə aid olan əsərlərdə - İ.Nəsiminin, M.Füzulinin dilindədir: “Azərbaycan, türk mənbəli mətnlərdə Dədə Qorquddan üzü bəri işlənən, lakin müasir ədəbi dilimiz üçün arxaik səciyyə daşıyan sözlərin lüğətini hazırlamaq lazımdır. Həmin əsərlərdə unudulmuş, lakin çox mənalı sözlər var. "Kitabi-Dədə Qorqud"un özündə nə qədər sözlər var. Orta əsrlərə aid xalq danışıq dilində yazılan əsərlərdən olan “Yusif və Züleyxa”, “Vərqa və Gülşa” və digər tərcümə abidələrində çoxlu unudulmuş gözəl sözlərimiz var. Həmin dövrlərdə tərcümə abidələri üzərində işləyənlər çalışırdılar ki, ərəb, fars dillərində olan sözlərin türk dilində olan qarşlıqlarını işlətsinlər və bununla da özlərinin tərcüməçilik məharətlərini göstərsinlər. Bu mənada, tərcümə əsərləri bizə zəngin material verir”.
M.Nağısoylu 15-16-cı əsrlərə aid tərcümə abidələrində işlənən arxaik sözlər üzrə artıq müəyyən araşdırmalar apardığını da açıqlayıb.
İnstitut direktorunun sözlərinə görə, vaxtilə dilimizdə işlənən, lakin sonradan unudulan sözlərin sayını demək hələlik çətindir: “Çünki bu, araşdırmalar zamanı aydın olacaq. Hər halda onların sayı çoxdur. Bunun üçün "Dədə Qorqud"u, Nəsiminin, Füzulinin əsərlərini mütləq ayrı-ayrılıqda işləmək lazımdır”.
M.Nağısoylu deyib ki, unudulmuş sözlərin bəziləri artıq hərbi sahədə geri qaytarılır.
İnstitut direktoru unudulmuş, lakin sonradan dilimizə qaytarılmış sözlərə misal kimi “onbaşı”, “yüzbaşı”, “minbaşı”, “çavuş”u nümunə göstərib.
M.Nağısoylu hesab edir ki, başqa sahələrdə də unudulmuş sözləri qaytarmaq lazımdır: “Məsələn, “tanıq” çox gözəl sözdür, “tanıtmaq” sözündəndir. Amma biz ərəb sözünü – “şahid” işlədirik. Məsələn, “don” sözündən olan “donanmaq”, yəni “geyinmək”dir. “Utanmaq” sözünün kökü “ut”dur. “Ut” da “abır-həya” deməkdir. Çox maraqlıdır ki, "abır-həya" bizim sözümüz deyil, amma “utanmaq” milli sözümüzdür. Onun kökü olan “ut” da “abır-həya” deməkdir. Bu cür sözlərin qaytarılması çox faydalı olar”.
O hesab edir ki, unudulmuş sözlərin dilimizə geri qaytarılması üçün arxaik sözlərin lüğətinin hazırlanması lazımdır.//Trend.az