2020-ci ilin noyabrından bəri Azərbaycanda mina partlayışları nəticəsində 302 nəfər həlak olub və yaralanıb, bu, 10 milyon əhalisi olan ölkə üçün çox böyük rəqəmdir.
Aktual.az xəbər verir ki, bunu UNİCEF-in Minalarla Mübarizə Mərkəzinin nümayəndəsi Hugues Laurenge deyib.
O bildirib ki, ANAMA ilə UNİCEF arasında məhsuldar əməkdaşlıq var.
Laurenge xatırladıb ki, UNİCEF mina ilə çirkləndirilmiş ölkələrdə risk maarifləndirmə işləri ilə məşğul olur.
"Biz ölümsüz Azərbaycan, mina qurbanları olmayan Azərbaycan barədə düşünməliyik. Bu istiqamətdə çalışmalı, investisiya qoymalı, maarifləndirmə aparmalıyıq. Mina anbarlarının dağıdılması, mina qurbanlarına dəstək vacib məqamlardır. Biz əl-ələ işləməliyik. Minalar icmaların ən kasıb əhalisini hədəf alır. Biz təhsilə əl çatımlılığı olmayanları hədəf almalı, onlarla işləməliyik ki, onlar mina qurbanlarına çevrilməsinlər.
Hər bir azərbaycanlı risk maarifləndirmə kampaniyasında iştirak etməlidir. Risk maarifləndirmə işləri bilik mübadiləsinə və davranış dəyişikliyinə səbəb olur ki, bu da ümumi itkilərin sayının azalmasına təkan verir".
"Biz sülhün bərqərar olmasına investisiya qoymalıyıq. Azərbaycan, Ermənistan və digər ölkələr regionda sülhün bərqərar olmasına səy göstərməlidir".
Paneldə çıxış edən Britaniyadan Partlayıcı Silahlar üzrə Parlament Qrupunun Siyasi Direktoru Naycel Ellvey deyib ki, Azərbaycan minatəmizləmə sahəsində böyük işlər görməkdədir və beynəlxalq ictimaiyyət də bu prosesdə Azərbaycana daha çox dəstək verməlidir.
Paneldə Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Anar Kərimov da çıxış edib. Azərbaycanlı rəsmi çıxışında mina qurbanlarının reabilitasiyası barədə məlumat verib.
O reabilitasiya mərkəzlərinin gördüyü işlər barədə danışıb.
Kərimov deyib ki, gələn il Ağcabədi və Qubada iki yeni reabilitasiya mərkəzi açılacaq.
Uqandadan ICBL-CMC-in səfiri "İnsan təhlükəsizliyini minalarla mübarizənin əsasına qoymaq" mövzusunda çıxış edib.
O, çıxışında kasetli silahların təhlükəsi barədə danışaraq bildirib ki, bu silahlardan Rusiya Ukraynaya qarşı işğalçı müharibəsində fəal şəkildə istifadə olunub.
"Kasetli bombaların istifadəsi mülki itkilərin sayının çox olmasına səbəb olur.
Digər təhlükə olan minalar isə insanların gündəlik həyatını məhv edir, məhsuldar torpaq sahələri yarsız hala düşür".
Uqandalı rəsmi deyib ki, təkcə 2020-ci ilin hesabatına görə dünyada mina partlayışları nəticəsində 5 544 insan həlak olub və ya zədələnib.
"Bu 2020-ci ilin statistikasıdır, lakin ölüm sayı indi daha da artıb".
O, çıxışında mina qurbanlarına psixoloji sosioloji yardımın vacibliyinə də toxunaraq bunun önəmli olduğunu diqqətə çatdırıb.
"Minatəmizləmə işləri ilə bağlı biz azərbaycanlıların gördüyü işlərdən çox cəsarətləndik, biz gördük ki, Azərbaycandan çox şey öyrənə bilərik".
Panelin digər iştirakçısı BMT İnkişaf Proqramının Mina Qurbanlarına Yardım Məsləhətçisi Keiko Tamuta "Mina qurbanlarının sosial reabilitasiyası: ən yaxşı təcrübələr" mövzusunda təqdimat edib.
O, çıxışında inklüziv peşə təhsili barədə danışaraq deyib ki, Azərbaycan bu sahəyə investisiya qoyur, bu sahədə fəal işləyir.(apa)
Xəbər 547 dəfə oxunub.