UNESCO-da: Azərbaycan mədəni irsi

UNESCO-da: Azərbaycan mədəni irsi

Ümumdünya mədəni və təbii irsin qorunması üzrə Konvensiyaya üzv dövlətlərin 20-ci Baş Assambleyası UNESCO-nun baş konfransı çərçivəsində noyabrın 18-dən 20-dək təşkilatın mənzil qərargahında keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Ümumdünya İrs Komitəsinə seçilmək üçün namizədliyini irəli sürüb. Bununla əlaqədar olaraq müvafiq təbliğat kampaniyası həyata keçirilir. Kampaniya çərçivəsində oktyabrın 15-də Parisdə UNESCO-nun mənzil qərargahında Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan mədəni irsinin təqdimat” mərasimi və ziyafət təşkil olunub.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov təqdimat mərasimini açaraq ölkəmizin UNESCO-ya 1992-ci ildən üzv olmasından, keçən müddət ərzində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu əməkdaşlığa verdiyi dəyərli töhfələrdən və dəstəkdən danışıb.

A.Kərimov ölkəmizin UNESCO-nun mədəniyyət sahəsində 5 konvensiyasını ratifikasiya etdiyini və onların milli və beynəlxalq səviyyədə mövcud mexanizmlər vasitəsilə həyata keçirildiyini bildirib.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva UNESCO-nun baş direktoru İrina Bokovaya və qurumun bütün əməkdaşlarına Azərbaycan mədəni və təbii irsini nümayiş etdirmək üçün imkan yaratdıqlarına görə təşəkkür edib.

S.Məmmədəliyeva müstəqilliyimizin ilk illərindən başlayaraq ölkəmizin UNESCO ilə daimi və sabit əməkdaşlıq və qurumun bir çox layihələrində fəal iştirak etdiyini vurğulayıd. O, bu əməkdaşlığın inkişafında, canlanmasında və güclənməsində əvəzolunmaz rolu olan UNESCO-nun şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Mədəni və təbii irsin qorunmasının əhəmiyyətinə toxunan nazir müavini ölkəmizin Fransa, İtaliya və bir çox digər ölkələrdə konservasiya və bərpa layihələrinə verdiyi dəstəkdən danışıb.

İDEA təşkilatının təbii irsin qorunması, təşviqi, bioloji müxtəlifliyin zənginləşməsi və yerli eko-sistemlərin qorunması sahəsində həyata keçirdiyi böyük işləri diqqətə çatdırıb.

O, seçiləcəyi təqdirdə ölkəmizin Ümumdünya İrs Komitəsinin daha da inkişaf etməsinə və səmərəli fəaliyyət göstərməsinə öz texniki töhfələrini və Dünya irs konvensiyasına tövsiyələr təklif edəcəyini bildirib. Azərbaycana etibar edib onu dəstəkləməyə çağırıb.

Mədəni irs üzrə ekspert Rizvan Bayramov çıxış edərək ölkəmizin mədəni və təbii irsin qorunması və idarə olunması sahəsində təcrübəsindən, eləcə də yüksək peşəkarlıqla həyata keçirilən bərpa və konservasiya layihələri haqqında ətraflı məlumat verib.

O, azərbaycanlı ekspert və alimlərin Avstriya, İtaliya, Almaniya, Fransa və İrandan olan həmkarları ilə əməkdaşlığından danışıb.

Fransalı arxeoloq Bertiy Lyone Azərbaycanın müxtəlif rayonlarında aparılan arxeoloji qazıntılar haqqında məlumat verib.

Qeyd edək ki, seçiləcəyi təqdirdə ölkəmiz Ümumdünya İrs Komitəsində mədəni irs üzrə ekspert Rizvan Bayramov tərəfindən təmsil olunacaq.

Xəbər 982 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR