Ukrayna mətbuatı "Eurovision-2017" mahnı müsabiqəsinə ayrılan büdcənin miqdarını açıqlayıb.
Publika.az xarici mətbuata əsasən xəbər verir ki, dekabrın 8-də İsveçrənin Lozanna şəhərində keçirilən Avropa Yayım Birliyi Baş Məclisinin qərarı əsasında "Eurovision -2017"-ni Kiyevin qəbul edəcəyi tam təsdiqlənib.
KİV-in məlumatına görə, bu qərar mahnı müsabiqəsinin icraçı prodüserləri Aleksandr Xarebina və Viktoriya Romanovanın hesabatından sonra qəbul edilib. Belə ki, bu sənədə əsasən, "Eurovision-2017" mahnı müsabiqəsinin büdcəsi 655,7 milyon qrivna (Ukrayna büdcəsindən 200 milyon, Kiyevin büdcəsindən 455,7 milyon) təşkil edəcək.
Ukrayna mətbuatının yazdığına görə, "Eurovision" səhnəsinin əsas yaradıcılıq konsepsiyası artıq təsdiqlənib. Ehtimal olunur ki, biletlərin qiyməti dekabrın sonunda yanvarın əvvəlində elan olunacaq.
Xatırladaq ki, xarici mətbuatda mahnı müsabiqəsinin Ukraynanın maliyyə problemləri üzündən təxirə salına biləcəyi ehtimal edilirdi. Həmçinin müsabiqənin Moskvada keçirilməsi haqqında da xəbərlər çıxmışdı. Lakin Avropa yayım birliyi bu məlumatları təkzib edib.
Yeri gəlmişkən qeyd edək ki, Ukrayna tərəfi artıq yarışmanın keçirilmə tarixlərini açıqlayıb. Belə ki, yarımfinalların mayın 9 və 11-də, finalı isə mayın 13-da keçirilməsi planlaşdırılır.
Aktual.az
Xəbər 353 dəfə oxunub.