Bakı Apellyasiya Məhkəməsində Cəlaliabad rayon sakini Xalid Mirzəyevin (1980-ci il təv.) CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə məhkəmə prosesi keçirilib.
Aktual.az xəbər verir ki, ötən il iyulun 15-də Nəsimi RPİ 20-ci polis bölməsinin əməkdaşları 3-cü mikrorayon ərazisindəki körpünün yaxınlığındakı məhəllələrdən birində üzərində zorakılıq əlamətləri ilə naməlum kişi meyiti aşkar ediblər. Hadisə yerinə prokurorluq əməkdaşları və ekspertin iştirakı ilə baxış keçirilib, araşdırma nəticəsində məlum olub ki, ölən şəxs Mahir Səmədovdur (1975-ci il təv.). Keçirilimiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 gündən sonra cinayəti törətməkdə şübhəli bilinən Xalid Mirzəyev saxlanılıb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, M.Səmədovun ölümünə döş qəfəsinə nüfuz etməklə ürəyi zədələyən yara nəticəsində törənən kəskin qanitirmə səbəb olub.
İstintaqla müəyyən edilib ki, Mahirlə Xalid günəmuzd fəhlə işləyiblər, hər gün körpünün altında dayanaraq, bu və ya digər sifarişləri yerinə yetiriblər, bununla da çörək pulu qazanıblar. Həmin gün, işdən sonra onlar iki şüşə araq alıb yaxınlığdakı məhəllələrdən birində içiblər. Söhbət əsnasında gecə olduğuna görə Xalid Mahirə deyib ki, ucadan danışıb, söyüş söyməsin, ona görə ki, onların səsi bina sakinlərinə maneçilik törədir. Bu hal bir neçə dəfə təkrar olandan sonra, spirtli içkinin təsirindən sərxoş olan Səmədov Mirzəyevin sözünü kəsərək, ona deyib ki "sən qorxaqsan, ona görə də iki dəqiqədən bir mənə deyirsən ki, yavaş danış". Buna görə mübahisə başlayıb. Mahir araq şüşəsini götürdükdə, Xalid kolbasa doğradıqları bıçağa əl atıb və onun döş qəfəsinə zərbələr vurub. Hadisədən sonra, o kirayə qaldığı evə gedib, tutulmaqdan ehtiyyat etdiyi üçün səhərisi gün iş yerinə getməyib. Daha bir-iki gündən sonra polislər onu tutublar.
Məhkəmə prosesində X.Mirzəyev ittiham üzrə özünü qismən təqsirli hesab edərək bildirib ki, tanışını qəsdən yox, özünü qorumaq məqsədi ilə qətlə yetirib. O, əməlindən peşman olduğunu qeyd edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi-rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən məhkum apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq onun şikayətinin təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.
Xəbər 1217 dəfə oxunub.