Qazaxıstan Parlamenti Məclisinin üzvü və TürkPA İqtisadi Əməkdaşlıq Komissiyasının sədri cənab Serikjan Kanayevin rəhbərlik etdiyi müşahidə missiyası Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevlə görüşüb.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, TürkPA-dan verilən məlumata görə, M.Məmməd-Quliyev görüşdə Azərbaycanda seçkilərin müşahidəsinin əhəmiyyətini vurğulayıb. Nazir müavini, həmçinin Assambleyanın gələcək fəaliyyəti və layihələri haqqında fikir mübadiləsi aparıb və türkdilli ölkələrin əməkdaşlıq qurumlarının səmərəliliyinin gələcəkdə də artırılmasının vacibliyini qeyd edib.
Missiya üzvləri Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla da görüş keçirib. M.Pənahov parlament seçkilərinə hazırlıqla bağlı görülən tədbirlər barədə məlumat verib. Müşahidəçilər son maddi-texniki təkmilləşdirmələr, xüsusilə seçki prosesinin onlayn sorğu anketinin işə salınması, həmçinin səyyar seçki qutularının yaradılması haqqında məlumatlandırılıb.
Seçki günü səsvermə məntəqəsində seçki prosesi və mühitini müşahidə etmək məqsədilə müşahidə missiyası Bakının müxtəlif rayonlarında bir neçə seçki məntəqəsini ziyarət edəcək.
2 noyabr tarixində müşahidə missiyası parlament seçkilərinin nəticələrinə dair mətbuat konfransı keçirəcək.