"Türkiyəyə qarşı terror aktlarının heç bir nəticəsi olmayacaq".
Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Ankarada keçirilən V iclasından sonra mətbuat konfransında Azərbaycan Prezident İlham Əliyev deyib.
Dövlətimizin başçısı qeyd edib: "İlk növbədə, iki gün bundan öncə Ankarada törədilmiş amansız terror aktı ilə bağlı Azərbaycan dövləti və xalqı adından qardaş Türkiyə xalqına başsağlığı vermək istəyirəm. Allah ölənlərə rəhmət etsin, yaralılara şəfa versin! Qurbanların yaxınlarına Allah səbr versin! Biz bu dəhşətli terror aktını qətiyyətlə pisləyirik, qınayırıq və bir daha deyirik ki, biz bu gün Türkiyə xalqının yanındayıq. Bizim birliyimiz əbədidir, sarsılmazdır. Yaxşı günlərdə də, ağır günlərdə də biz daim bir-birimizin yanındayıq. Və biz Azərbaycanda tam əminik ki, Türkiyə xalqına və dövlətinə qarşı törədilmiş terror aktlarının heç bir nəticəsi olmayacaq. Bu, Türkiyə dövlətini sarsıda bilməz, Türkiyə xalqının iradəsinə təsir edə bilməz, Türkiyəni haqq yolundan döndərə bilməz".