Türkiyə Bəşər Əsədin istefasından sonra keçid dövründə Suriyaya hər cür dəstəyi verəcək.
Aktual.az xəbər verir ki, bu barədə "Hürriyyət” qəzetinin köşə yazarı Abdulqadir Selvi deyib.
O, Ankaranın Suriya siyasətinin üç prioritet sahəsini açıqlayıb:
"Yeni Suriya qurmaq, terrorçu PKK və onun Suriya qolu – "xalq müdafiə qüvvələrinə” qarşı mübarizə aparmaq, suriyalı qaçqınların vətənlərinə qayıtmasını təmin etmək. Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkədə 2,9 milyon suriyalı var”.
Yazar qeyd edir ki, Türkiyə sərhədlərində PKK-nın varlığına son qoymaq və terror dəhlizini bağlamaqda qərarlıdır:
"Ankaranın dəstəklədiyi Suriya Milli Ordusu Suriyanın şimalında yerləşən Menbiç şəhərini ələ keçirdikdən sonra PKK-nın qonşu ölkənin eyni bölgəsindəki Kobani və Qaşımlıdakı varlığına son qoymaq niyyətindədir. Türkiyə hakimiyyəti bundan əvvəl qonşu ölkə ilə sərhədin 600 kilometrlik hissəsinə nəzarəti təmin etmək və onun ərazisindən gələn terror təhlükələrini minimuma endirmək üçün Suriyanın şimalında 30 kilometr dərinlikdə təhlükəsizlik zonasının yaradılmasını başa çatdırmaq niyyətində olduğunu bəyan etmişdi”.
Selvi vurğulayıb ki, Suriyada Əsəd administrasiyasının devrilməsi ilə nəticələnən hadisələr Ankara üçün gözlənilməz olmayıb:
"Milli İstehbarat Təşkilatı və Türkiyə Silahlı Qüvvələri bölgədəki vəziyyəti mütəmadi olaraq izləyib. Noyabrın 27-də Suriya müxalifəti Hələbə hücuma başlayanda Ankara "İldırım” əməliyyatının tez bir zamanda Dəməşqə çatacağını bilirdi. Ona görə də Əsədin devrilməsi Ankara üçün yox, bütün dünya üçün sürpriz oldu”.
Xəbər 104 dəfə oxunub.