İstanbul Polis Təşkilatının terrorla mübarizə və kəşfiyyat şöbəsinin qrupları "Fərat Qalxanı" əməliyyatı ilə Türkiyə sərhədlərindən təmizlənən İŞİD terror təşkilatının irimiqyaslı terror aktlarını törətməyə hazırlaşdığını müəyyən edib.
Aktual.az publika.az-a istinadən bildirir ki, Ankarada təşkil edilən əməliyyatın gedişatında İŞİD-in Türkiyədə törətdiyi terror aktlarının təşkilatçısı tutulub.
"Azzov" kod adlı Əli əl-Aggal adlı terrorçunun Suriyada ən təhlükəli tayfa hesab edilən Aggal tayfasının üzvü olduğu deyilir.
İŞİD əməliyyatı çərçivəsində daha 24 nəfər İstanbulun Küçükçekmece səmtində tutulub. Onların 9-nun birbaşa olaraq Aggal ilə əlaqəli olduğu, İraq və Suriyadan gəldiyi bildirilir. Şübhəlilərin İstanbulda irimiqyaslı terror aktları təşkil etmək üçün Əli əl-Aggaldan partlayıcı maddələr və sursat gözlədikləri müəyyən edilib.
Xarici vətəndaşlar olan digər 15 şübhəlinin isə Yaxın Şərqdəki müxtəlif döyüş bölgələrinə getmək üçün Türkiyəyə gəldikləri müəyyənləşdirilib.