Moskva-İrəvan müttəfiqliyinə qarşı yeni ittifaq formalaşır...; Ankara və Təl-Əviv arasında 5 illik “soyuq savaş” dönəmi bitir, səfirlər qayıdır, türk düşmənləri təlaşda...; regionda yenidən formatlanma başlayır...
Aktual.az musavat.com-a istinadən xəbər verir ki, Türkiyə ilə İsrail arasında 2010-cu il “Mavi Mərmərə” olayına görə pozulmuş münasibətlər normallaşmaq üzrədir. İsrail və Türkiyə mənbələri son vaxtlar bu yöndə tərəflərin ciddi şəkildə irəliləyiş əldə etdiyi haqda xəbərlər yaymaqdadır.
“İsrail və Türkiyə bir-birinə qarşı iki tələbdən imtina edərək əlaqələrin bərpası haqda anlaşma imzalamağa həlledici dərəcədə yaxınlaşıb”. İTAR-TASS-ın məlumatına görə, bu barədə İsrailin “10-cu kanal”ı məlumat yayıb. “İsrail və Türkiyə anlaşma yolunda maneə olan bir-birinə qarşı iki tələbdən imtina edib. İsrail dəyərləndirməsinə görə, artıq nümayəndə heyətlərinin növbəti görüşündə diplomatik əlaqələrin qırılmasından 5 il sonra səfir mübadiləsinə hazır görünür” - telekanalın məlumatında qeyd olunur.
Kanalın saytında yerləşdirilən məlumatda bu xüsusda deyilir: “İsrail Türkiyə ərazisində HƏMAS-ın fəaliyyətini dayandırmaq tələbindən vaz keçib. HƏMAS nümayəndəliyi bundan sonra da İstanbulda fəaliyyət göstərə bilər, ancaq Ankara bu Fələstin təşkilatının Türkiyə ərazisində fəallığını monitorinq edəcək. Cavabında isə Təl-Əvivə Ankaranı Qəzza sektorunun blokadasının götürmək tələbindən imtina etməyə inandırmaq müyəssər olub. Bununla belə İsrail humanitar layihələr həyata keçirmək üçün Türkiyəyə Qəzza sektoru ilə həmsərhəd olan Misir kimi xüsusi status vəd edib” - telekanal xəbər verir.
* * *
Qeyd edək ki, İsrail diplomatik münasibətlərin bərpası üçün Türkiyənin irəli sürdüyü əsas tələbləri - Türkiyədən üzr istəmək, həlak olan 9 nəfərin ailələrinə təzminat ödəmək tələblərini artıq yerinə yetirib. Məhz bunun ardınca Avropada (Cenevrədə) baş tutan ikitərəfli danışıqlarda yerdə qalan ikinci dərəcəli məsələlərin müzakirəsi başlayıb.
Bu arada yüksək çinli İsrail rəsmilərindən biri iki ölkə arasında diplomatik münasibətlərin tam bərpasını nəzərdə tutan sənədin ratifikasiyasının Türkiyənin yeni baş nazirinin seçilməsindən az sonra reallaşacağını bildirmişdi. Artıq yeni baş nazir Binəli Yıldırım da İsraillə əlaqələrin normallaşmasının vacibliyini dilə gətirib.
Bir neçə gün öncə isə İsrailin “Yerusalem post” qəzeti iki ölkə arasında münasibətlərin düzəlməyə doğru getdiyini yazmışdı. Qəzet bu informasiyanın hər iki ölkənin rəsmi mənbələri tərəfindən təsdiqləndiyini vurğulamışdı. Həmçinin Türkiyə baş nazirinin müavini Numan Qurtulmuş Nazirlər Şurasının iclasından sonra keçirilən birifinqdə “Mavi Mərmərə” insidentindn sonra pozulan münasibətlərin düzəlməsi üçün Türkiyənin İsrailə qarşı irəli sürdüyü şərtlərin üçdə ikisinin artıq təmin edildiyini söyləmişdi.
Habelə bu arada İsrailin “Haaretz” qəzeti baş nazir Benyamin Netanyahunun ABŞ Konqresinin rəsmi heyətinin qəbulunda Ankara ilə Təl-Əviv arasında uzlaşmanın çox yaxın olduğunu və bunu üç dəfə təkrarladığını vurğulayıb. Üzümüzə gələn həftədə isə Avropa ölkələrinin birində iki ölkə rəsmilərinin növbəti, və yəqin ki, yekun görüşü gözlənilir. Danışıqlarda Türkiyə tərəfini xarici işlər nazirliyinin müşaviri Firudin Sinirlioğlu, İsraili isə baş nazirin xüsusi nümayəndəsi və Xarici İşlər Baş Direktoru Dore Gold təmsil edir.
* * *
Türkiyə-İsrail yaxınlaşması və diplomatik əlaqələrin bərpası sözsüz ki, ən çox Rusiyanı və onun satelliti Ermənistanı narahat edir. Çünki iki regional gücün barışması onların gücünə əlavə güc qatacaq və Rusiyanın, onun müttəfiqlərinin regionda manevr imkanlarını xeyli ölçüdə daraldacaq. Qlobal miqyasda sinxron siyasətin yürüdülməsi də öz yerində. Moskva isə bunları əsla arzulamır.
Rusiyanı narahat edən həm də gərgin münasibətlərdə olduğu Türkiyənin İsraillə hərbi-siyasi sahələrlə yanaşı, energetik sferada da əməkdaşlığın bərpa olunması perspektividir. Məsələ ondadır ki, 67% Rusiya təbii qazından asılı olan Ankara bu asılılığı azaltmaq yolları arayır. İsrailin qaz ehtiyatları bu baxımdan yaxşı alternativlərdən biri ola bilər. Artıq qaz anlaşması yönündə də tərəflər arasında danışıqlar gedir.
Təsadüfi deyil ki, Kremlin narahatlığından yazan İsrailin aparıcı nəşrlərindən birinin məlumatına görə, az öncə Moskvada xarici işlər naziri Sergey Lavrov Goldun başçılıq etdiyi İsrail nümayəndə heyətinin diqqətinə Rusiyanın Türkiyə-İsrail yaxınlaşmasında “qayğılarının olduğunu” çatdırmışdı...
* * *
İsrail-Türkiyə barışığı sözsüz ki, bölgədə təkcə bu iki dövlətin deyil, Ermənistanla müharibə vəziyyətində olan Azərbaycanın da köklü maraqlarına tam uyğundur və onun siyasi, hərbi potensialına əlavə güc, potensial qatacaq. Dağlıq Qarabağ məsələsində ölkəmizin haqlı mövqeyinin dünyada daha yaxşı müdafiə olunmasına zəmin yaradacaq. Əslində indi artıq Moskva-İrəvan müttəfiqliyinə qarşı yeni bir müttəfiqliyin, İsrail-Türkiyə-Azərbaycan siyasi-iqtisadi “üçbucağının” və ya formatının yaranmasından da danışmaq olar. Bu isə həm də yeni situasiya deməkdir - özünün yeni şərtləri ilə birgə.
Qənaətimizi gücləndirən faktlardan biri də Azərbaycanın dostu və lobbiçisi sayılan siyasətçi Avidqor Libermanın bu günlərdə İsrail müdafiə naziri postuna gəlməsidir. Azərbaycanın dostu isə həm də Türkiyənin dostu deməkdir.
// Aktual.az