Rusiya qazını Türkiyə ərazisindən Avropaya daşıyacaq "Türk axını" layihəsində marşrutlarla bağlı işlər yekunlaşıb. Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız Türkiyədən keçəcək 190 km-lik hissənin marşrutlarının imzalanma mərhələsində olduğunu bildirib. O, "Türk axını" ilə bağlı imzalanmaq üçün sənədlər hazırlandığını deyib.
"Xarici İşlər Nazirliyi marşrutlarla bağlı yeni yazışma aparıb. Bolqarıstandan Türkiyəyə dönən hissə, Türkiyədən keçəcək 190 km-lik hissənin marşrutları var. Yekun razılaşma əldə olunduqdan sonra rusların təklif etdiyi müqaviləyə əsasən kəmərin marşrutu Şərqi Qara dənizdən başlayıb Türkiyəyə gəlir", - nazir qeyd edib.
Qərbin bunu bir meydan oxuma olaraq qəbul etdiyini bildirən nazir deyib: "Bu, Avropanın qaz tədarükündə ixracı qarşılayacaq mövzulardan biridir. Rusiya 63 mlrd. kubmetr qaz ötürülməsini həyata keçirəcəyini deyir".
Yerli kömürdən imtinanın ölkələrinə xəyanət olacağını deyən nazir sadəcə olaraq qəzaların qarşısının alınmasının vacibliyini bildirib: "14 mlrd. ton aşkarlanmış ehtiyat var. Dünya bunu iki ildə çıxarır. Deyək ki, biz 100 ildə çıxararıq. Bugünkü dəyəri 7 trln. dollar, 100 ildə 5 trln. dollar olsa belə, bu dəyərdən imtina etməməliyik. Əgər yerli kömürdən imtina etsək, başqa əvəzləyici almaq lazımdır".
İran Milli Qaz Şirkətinin beynəlxalq əlaqələr üzrə müdiri Əzizullah Ramazani isə İranın təbii qazını Avropaya daşımaq üçün "Türk axını"ndan istifadə edə biləcəyini deyib. O, İranın təbii qaz transferi üçün 5-6 marşruta sahib olduğunu deyib: "Qazımızı Avropaya daşımaq üçün "Türk axını"nından yararlana bilərik. Bu mümkündür, ancaq bununla bağlı hələ görüşmələr aparılmayıb. Rusiya və Türkiyənin boru xətlərinin Avropaya çatdığı nöqtə, eyni zamanda, İran boru xətlərinin Avropaya çatdığı nöqtə ola bilər".
İran qazının Avropaya nəqli üçün Türkiyə ilə yanaşı, Qara dəniz, Suriya, İraq və Aralıq dənizi marşrutlarının da dəyərləndirildiyini deyən Ə.Ramazani İrana Avropa ölkələri tərəfindən qoyulan sanksiyaların aradan qaldırılmasından sonra görüşlər üçün ilk addımın atılacağını deyib. O, marşrutla bağlı qərarın sanksiyaların aradan qaldırılmasından sonra veriləcəyini açıqlayıb.
Aktual.az