Qüdrət Həsənquliyev: "Gürcüstan üzərindən də sərhədləri açmaq lazımdır ki, insanlar öz ölkələrinə dönə bilsinlər”
"Birinci oxunuşda bu məsələlərə münasibət bildirmişdim. Bir daha bəyan edirəm ki, bu dəyişikliklər konstitusiyaya ziddir”.
Aktual.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev "Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanunu layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, əgər ölkədə fövqəladə vəziyət elan edilməsinə ehtiyac olmayan səviyyədə hansısa fövqəladə bir mühit varsa, bunun üçün dövlətin xüsusi yaratdığı və formalaşdırdığı Fövqəladə Hallar Nazirliyi var:
"Onlar bu işlə məşğul olmalıdırlar və digər nazirliklərin də əgər fəaliyyətini əlaqələndrməyə ehtiyac varsa, bunun üçün də Nazirlər Kabineti var. Mənim təklifim ondan ibarətdir ki, bizdə "Fövqəladə vəziyyət haqqında” qanunun 8-ci maddəsində fövqəladə vəziyyətin tətbiqi zamanı həyata keçirilən tədbirlər və müvəqqəti məhdudiyyətlər qeyd olunur. Bu zaman qeyd olunur ki, 8.018- karantin tətbiq edilməsi. Amma qanunun özündə bu karantinin nə olması ilə bağlı onun anlayışı verilmir. Məsələn, hansı müddətə tətbiq oluna bilər, karantin zamanı hansı məhdudiyyətlər tətbiq oluna bilər? Yəni bununla bağlı heç bir hüquqi baza yoxdur. Ona görə də bunu bir neçə dəfə qaldırmışam. Az qala 3 ilə yaxındır ki, ölkədə Operativ Qərargah tərəfindən karantin rejimi tətbiq olunub. Hansı ki, onun da hansı dövlət orqanı tərəfindən yaradıldığına dair ictimaiyyətə heç bir məlumat verilməyib. Sadəcə mətbuatda gedib ki operativ qərargah yaradıldı. Bu da karantin rejimi tətbiq edib. Onun buna səlahiyyəti var, yoxsa yoxdu, bu da başqa bir mövzudur. Amma karantin rejiminin nə olmasını, nəhayət ki, biz qanunla müəyyənləşdirməliyik. İndi karantin rejimi tətbiq olunub və quru sərhədləri bağlanıb. Hesab edirəm ki, Operativ Qərargahın, yaxud Nazirlər Kabinetinin rəhmi gəlsin və Gürcüstanla quru sərhədləri açılsın ki, Türkiyədəki bizim tələbələr ağır təbii fəlakətdən sonra ölkəmizə dönə bilsinlər. Əgər biz qorxuruqsa ki, onlar Azərbaycana xəstəlik gətirə bilərlər, bir daha söyləyirəm, onlar təyyarə ilə onsuz da gəlirlər. İkincisi, Gürcüstanla sərhəddə xüsusi tibbi məntəqə yaratmaq olar. Onlar orada analiz verər, kimsə xəstədirsə, müalicə oluna biər. Amma bir daha söyləyirəm, ölkə konstitusiyasında açıq qeyd olunur ki, heç zaman – fövqəladə vəziyyət, müharibə vəziyyəti, gecə, yaxud gündüz, isti, yaxud soyuq olsun – Azərbaycan Respublikası vətəndaşının ölkəyə qayıtmasına mane olmaq olmaz. Konstitusiyada bu yazılıb. Ehtiyac varsa, onu bir daha oxuyum. Necə ola bilər ki, konstitusiya bu hüquqi vətəndaşa verib ki, öz ölkəsinə qayıda bilər. Türkiyədə qalan tələbələr də burada oturan deputatlarla eyni vətəndaş hüquqlarına malikdirlər. Biz başqa bir vətəndaşımızın ölkəsinə qayıtmasına imkan vermirik. Ona görə də mən xahiş edirəm ki, bizim, camaatın xahişlərini çatdırın, heç olmasa Türkiyə ilə quru sərhədləri açılsın. Naxçıvandan açılıb, Gürcüstan üzərindən də sərhədləri açmaq lazımdır ki, insanlar öz ölkələrinə dönə bilsinlər. Və Ziyafət Əsgərovdan da xahiş edirəm ki, bunu müvafiq icra hakmimiyyəti orqanı ilə danışsınlar. Nə çətin məsələdir ki, karantin rejiminin anlayışını vermək və karantin rejimi zamanı hansı insan hüquq və azadlıqları məhdudlaşdırəla bilər, hansı məhdudiyyətlər təbiq oluna biləcəyinə aydınlıq gətirmək? Onu da qanunda qeyd edək və üçüncü oxunuşda qəbul olunsun”.
Xəbər 629 dəfə oxunub.