Ermənistan elə davranır ki, sanki Azərbaycan gedib onların torpaqlarını işğal edib. İşğal olunan torpaqlar Azərbaycana məxsusdur.
Aktual.az axar.az-a istinadən bildirir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "A xəbər" kanalının canlı efirində deyib.
O, Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını bildirib:
"Azərbaycan da, biz də məsələnin siyasi, sülh yolu ilə həll edilməsini istəyirik. Minsk Qrupu məsələ ilə bağlı bu günə qədər heç bir addım atmayıb. Qrupun tərkibində ABŞ, Rusiya və Fransa kimi ölkələr var, istəsələr, bir həftə ərzində bu problemi həll edərlər. Ermənistan elə davranır, sanki Azərbaycan gedib onların torpaqlarını işğal edib. İşğal olunan torpaqlar Azərbaycana məxsusdur. Biz hər zaman Azərbaycanın yanında olacağıq və bunu açıq şəkildə bildiririk. Azərbaycan bizdən hansı məsələdə yardım istəyərsə, onların yanındayıq. Son hadisələr zamanı atəşkəsi Ermənistan pozdu. Azərbaycan diplomatik yolu seçdi və atəşkəsi təktərəfli dayandırdı. Ermənistan buna iki gün sonra cavab verdi. Bundan sonra isə Naxçıvanı atəşə tutdu. Onlar tərəfdən ciddi təxribat var. Azərbaycan bu məsələdə səbirli davranır. Ümid edirəm, Minsk Qrupu işğal olunmuş torpaqların azad olunması üçün bir yol tapar. Bizim ətrafımızda bu tip dondurulmuş münaqişələr çoxdur. Bunlar regionun təhlükəsizliyini təhdid edir. Əgər beynəlxalq təşkilatlar təkid edərsə, bu məsələ həllini tapar".