"Türk dövlətləri sistemli informasiya təhdidlərinə məruz qalır" - Əhməd İsmayılov


Dezinformasiyaya qarşı dayanıqlı mübarizə media ekosistemi üçün strateji əhəmiyyət daşıyır.
Aktual.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Ankarada keçirilən Türk dövlətlərinin dezinformasiya ilə mübarizə forumunda çıxışı zamanı deyib.
Əhməd İsmayılov bildirib ki, dezinformasiyaya qarşı dayanıqlı mübarizə modellərinin formalaşdırılması ölkələrin media ekosistemi üçün strateji əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, yalan məlumatlar və təxribat məqsədilə yayılan xəbərlər tarix boyu insanların kütləvi şüuruna ciddi təsir göstərən amil olub, lakin son dövrlərdə bu təsir daha geniş miqyas alıb.
İcraçı direktor qeyd edib ki, əvvəllər dezinformasiya əsasən siyasi məzmun daşıyır və ənənəvi medianın kontent manipulyasiyası vasitəsilə yayılırdısa, hazırda vəziyyət köklü şəkildə dəyişib. Bildirilib ki, texnoloji inkişafın gətirdiyi yeniliklər media manipulyasiyaları ilə yanaşı, yalan məlumatların daha sürətli və geniş yayılmasına şərait yaradır.
Əhməd İsmayılov vurğulayıb ki, bu baxımdan məzmunundan asılı olmayaraq, istənilən ölkə dezinformasiya dalğasının hədəfinə çevrilə bilər.
O əlavə edib ki, türk dövlətləri də sistemli informasiya təhdidlərinə məruz qalır və mürəkkəb coğrafi şəraitdə yerləşən ölkələrin geosiyasi fəallığı artdıqca dezinformasiya riskləri də genişlənir.
Çıxışında bu tendensiyanın ümumi problem olduğunu qeyd edən Əhməd İsmayılov deyib ki, onun həlli və cəmiyyətlərin informasiya təhdidlərinə qarşı müqavimətinin gücləndirilməsi türk dövlətlərinin birgə səylərindən və həmrəyliyindən birbaşa asılıdır.
Xəbər 64 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR