Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin "Gəmi İnşası və Təmiri Mərkəzi”ndə inşa edilən S-206 nömrəli "Tufan" tipli sərhəd gözətçi gəmisi yanvar ayının 23-də Xəzər dənizinə endirilib və xidməti-döyüş fəaliyyətinə başlayıb.
Bu barədə Aktual.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi, neft-qaz hasilatı və daşınması infrastrukturunun etibarlı mühafizəsinin təşkili üzrə vacib vəzifələri yerinə yetirən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin xidməti-döyüş imkanlarının gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir: "Heydər Əliyevdövlətçiliyinə hər zaman sadiq olan, Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında hər bir döyüş tapşırığını qürur və şərəflə yerinə yetirməyə hazır olan Azərbaycan sərhədçiləri tərəfindən yeni sərhəd-gözətçi gəmisinin xidməti-döyüş fəaliyyətinə başlaması böyük ruh yüksəkliyi ilə qarşılanıb".
Qeyd edək ki, bu ilin yanvar ayının 10-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev"Tufan" gəmisinə baxış keçirib.
Aktual.az