Zahid Oruc
Hələbdə Əsəd düşmənlərinin 4 illik hakimiyyətinə son qoyulmasının bir addımlığında İstanbulda terrorun yeni əks-sədası bitməyən müharibənin qanlı izlərini nümayiş etdirir.Doğrudur,Suriyanın vacib hərbi məntəqəsində qalib gələn Moskva-Tehran-Dəməşq ittifaqıdır və Ankaranın son aylarda verdiyi qərarların burada rolu həlledici deyil.Lakin Türkiyənin 2003-cü ildə Yaxın Şərq teatrında öz üzərinə düşənləri yerinə yetirməməsinin və regionun təhlükəsizliyini pozmaq istəyənlərə meydan verməsinin bədəlini indi çox ağır ödədiyi inkarolunmazdır.Bəli,zəif təskinlik versiyası kimi səslənsə də o vaxt İraka təkbaşına yeriyəcək türk ordusu bütün sərhəddi boyu təhlükəsizlik qurşağını formalaşdıraraq "qara bayraqlı” qonşularından özünü yetərincə qoruya bilərdi.
Son iki ildə baş verən silahlı qətllərin hər cür üsul və vasitələrlə həyata keçirilməsi,həmçinin terrorun əlinin çatdığı geniş coğrafiya sabitliyi və gücü ilə öyünən bir dövlətin içərisindəki kövrək durumu təsdiqləməklə "Əfqanıstan sindromu”nun yoluxdurucu olduğunu bir daha sübut edir.İki gün öncəki qətliam və 44 nəfərin alınan canı hər ay bəlli intensivliklə aparılan savaşın növbəti həlqəsidir.Əcəba,yalnız coğrafi yaxınlıq amilinə görə bir ölkənin məruz qaldığı sınaqlar nə dərəcədə ədalətlidir?
Heç kəs İordaniya torpağında oxşar faciələrin baş verməsində maraqlı deyil.Eləcə də İranda,yaxud Qətər əmirliyində.Lakin Türkiyəyə qarşı İŞİD-in,ya da kürd mənşəli müxtəlif qüvvələrin elan olunmuş hücumlarının əsil müqəddəs din və siyasi cihad savaşı olduğunu görməmək mümkün deyil.Axı hər bir əməliyyatı hazırlamaq üçün həmin qruplara nə qədər vaxt lazımdır,daxildə məlumat bankını idarə etmək,bələdçiləri,silahlı təminatı və pulu müvafiq ünvanlara çatdırmaq gərəkdir.Terror əməli spontan olaraq kiminsə qəzəbi ilə ictimai partlayış doğurmaq naminə keçirilmir.Burada daxili yönəldici mərkəzlər olmasa,bütün milləti qorxuda saxlayan və mənəvi hakimiyyətini quran mistik qüvvələri şüşədən buraxa bilməzsən.
Hadisələrin xronikasına diqqət yetirin:avqust ayında Türkiyə "Fərat qalxanı” əməliyyatını başlatmaqla ən azı kürd sepratizminin yayılma arealını daraltmağa çalışır və Kilisə qarşı aparılan artilleriya hücumlarını özündən uzaqlaşdırır.Hər halda quru qoşunlarının qarşısına qoyulan məqsəd ondan ibarət idi ki,İrakla Aralıq dənizi hövzəsində yollara nəzarət edən kürd hərbi dəstələrini və sərhəd qəsəbələrini atəşə tutan azsaylı "İslam dövləti” birləşmələrini zərəsizləşdirməklə onları Fərat çayının şərqinə doğru geri çəkilməyə vadar etsinlər.Komandanlıq ilk mərhələdə bütün terror qruplarına zərbə vuraraq sərhəddindəki gərginliyi neytrallaşdırmağa qadir oldu və Ərdoğan başlanan əməliyyatlara öz dövlətinin suveren haqlarını qoruması kimi bəraət qazandıraraq Amerikadan və millətindən istədiyi dəstəyi almağı bacardı.Baxmayaraq ki,1974 cü il Kıprıs hadisələrini çıxmaq şərtilə silahlı qüvvələr belə tərkibdə xarici ərazilərə müstəqil bir ordu vahidi kimi ilk dəfəydi daxil olurdu.Əslində verilən qərarın risqini başa düşmək o qədər də çətin deyil.Suriyada Qərbin mötədil qüvvələr kimi tanıdığı müxalifətə verdiyi dəstək fonunda hakimiyyət orqanları əvvəlki illərdən fərqli olaraq,daxildə terroru qidalandıran mərkəzləri də ifşa etməyə qalxınca-onlarla diversiya qrupu faş edilmişdi-mənzərə dəyişdi.
İŞİD-i müdafiə edənlər cihadın hədəfi kimi Türkiyəni seçməkdə özlərini haqlı saymağa başladılar.Hər halda Parisdə,yaxud Brüsseldə törədilən qəsdlərin motivi ilə Ankaradan Şanlıurfaya qədər uzanan geniş coğrafiyada törədilən qanlı olayların xeyli fərqli cəhətlərini unutmaq olmaz.Görünür,kəşfiyyat orqanları hesablamalarında yol verdikləri yanlışlar məhz buradan qaynaqlanır.
Son iki ildə İŞİD-in 17,PKK və yandaşlarının 14 terror əməliyyatının 400-dən artıq qurbanları və minlərlə yaralılar sırasında xarici turistlərdən hərbçilərə,polislərdən sol və ya sağçı ideologiya daşıyıcılarına qədər geniş əhali qruplarının olması onu deməyə əsas verir ki,canlı bombaların izi ilə gedərək əsil sifarişçilərə çıxmaq mümkün olmayacaq.Hətta son qanlı hadisələri üzərinə götürən "qırğılar” belə böyük siyasətdə piyadalardı. Elə isə Türkiyəni sözün gerçək mənasında qaralayan kimlərdir?
Yəqin, ilin əvvəlində Ərdoğanın "dünyanı başlarına dar edərik” bəyanıtını xatırlayırsınız.O zaman AKP hökuməti başqanlıq sisteminə gedən yolda növbəti seçimlərin ağır mücadiləsini verirdi.Həmin dava heç indi də bitməyib.Ancaq hələ yanvar ayından başlayaraq,müxtəlif internet resurslarında Fuad Avni adlı istifadəçinin yaydığı xəbərlərdə kəşfiyyat strukturları tərəfindən himayə olunan dindar terrorçuların iqtidar tərəfindən əldə saxlandığı söylənilirdi.Söhbət İŞİD-lə Türkiyə arasında bağlılıq haqqındakı məlum iddialardan getmir.Əslində məxfi xidmət orqanları bəlkə də qeyd etdiyimiz yolla ekstremizmə yuvarlanan vətəndaşlara nəzarəti həyata keçirirdilər.Lakin 15 iyul çevrilişə cəhdindən sonra dövlət və hökumət orqanlarında aparılan kütləvi təmizləmə xəfiyyəçilərlə terror qrupları arasındakı bağları qırdı və dövlət sirlərinin böyük əksəriyyəti faş oldu.Ona qədər isə cəmiyyətdə hökm sürən sərt qütbləşmə də terroru mübarizə vasitəsinə çevriməyə sanki əlverişli zəmin yaratdı.Hakim partiyanın Suriyada terror əleyhinə deyil,Əsədi devirmək istəməsi Ərdoğanı da seçki ilə görəvdən uzaqlaşdıra bilməyən qüvvələrin başqa əlacının qalmadığını,terrora mənəvi haqlarının olduğunu üzə çıxardı.Deməli,gizli və açıq şəkildə ölkədə silahlı qrupların siyasi partiyalar və maliyyə mərkəzləri ilə işbirliyi mövcuddur.Terror dərnəkləri və onların bazalarının yuxarı mərtəbələrə gedib çıxan kanalları halında təhlükəni sovuşdurmaq necə mümkündür? Belədə seriyalı qanlı aktların qarşısını almaq faktiki olaraq qeyri realdır.
Digər tərəfdən,İŞİD əhali içərisində müəyyən populyarlığa malikdir. Diqqət yetirsəniz,ən ultimativ bəyanatlar verən və kürdlərə qarşı müharibənin qisasını "faşist” Rifah rejimindən alacağını bəyan edənlər belə ölkədə iqtidarın Qərblə siyasi qarşıdurması şəraitində islamın radikal qoluna sığınmaqdan başqa çarə tapmırlar.
Deməli,ziddiyətli xarici siyasət kursu terroru mənən qidalandırır və sanki hakimiyyətə diqtənin mühüm siqnalına çevrilir.Yəni,Atatürk hava limanı kimi qorunan obyektlərə asanlıqla daxil olub 47 nəfəri qətlə yetirə,yaxud,Qazientepdə polis məntəqəsinə hücum çəkib özünü partladan kamikadze ilə bir neçə nəfər şəxsi həyatdan ala bilirlərsə,deməli,terrorun əli uzundur və özü ilə istənilən qüvvəni hesablaşmağa vadar edə bilər.
Mühüm arqumentlərdən biri də qeyd etdiyimiz kimi,Türkiyənin regional ambisiyaları fonunda Avropa Birliyi və Amerika arasında yaşanan siyasi gərginliyin pik həddinə çatması və Rusiya-İsraillə yenidən qurulan münasibətlərdir.Beşiktaşda baş verən qətliamın Qərbdən aldığı böyük reaksiyalar fonunda,Britaniya Xarici İşlər naziri Boris Conson və onun avropalı həmkarı Moqerini də daxil onlarla diplomatik təmsilçinin dilə gətirdikləri antiterror simfoniyasında Ərdoğanla birlikdə Şərə qarşı mübarizə aparacaqlarını söyləyən bircə dənə də olsun şəxs yoxdur. Əksinə,bütün media agentlərinin vurğusu və informasiya məkanına sızdırılan casus tezisləri Türkiyədəki terroru hakimiyyətin mənşəyinə bağlamağa çalışır,islamçı qüvvələrin iqtidardan getməsilə türklərin arzuladıqları sülhün bərqərar olacağına işarə verirlər.Bir vaxtlar, Mübarəkin Misirində,milli azadlıq mübarizəsinə qalxmış etaçılar İspaniyasında,yaxud Respublika ordusunun İrlandiyada hakim siyasi rejimə qarşı məhz terroru mübarizənin yeganə aləti hesab etməsi yaddaşlardan silinməyib.
Türkiyənin öz yaralarına ağladığı son iki ildə turizm sektoru və xarici investisiyaların ölkəyə axını böyük zərbə alıb.Səbəb başadüşüləndir-yəni,pul ona təhlükədən qaçır.Valyuta sabitlik adası istəyir.Ziyanı hesablayan təhlilçilər 200 milyard dollardan artıq rəqəmdən bəhs edirlər. Yəni,bir yaşıl qüvvə digərinə təhlükə törədincə müharibə qızışır və sonda biri qalib gəlməlidir.Ərdoğan meydanda tək olduğunu söyləyərkən ona qarşı iqtisadi savaş cəbhəsi açanların məkrli planlarını sadə xalqa çatdırmaq istəyir.”Sizin can və pul varlığınızı qorumaq üçün məsuliyyət daşıyırıq” söyləyən prezidentin komanda üzvlərindən isə heç kəs istefaya getmir və media baş verən vəhşətin qanlı izlərini çəkib ekranlara daşımaqla terrorun hakimiyyətini Ərdoğandan böyük göstərirlər.”İlımlı islam” modeli ilə dollar imperiyasının toqquşması millətin qanı hesabına başa gəlir.
Geriyə isə yol yoxdur.”Şarli hebdo”ya qarşı qətlin qarşısına çıxan yüzlərlə dövlət-hökumət başçısından fərqli olaraq,Türkiyə terrorla savaş səngərində yalnız bir neçə ölkəyə bel bağlaya bilir.
Tarixin ironiyasına baxın ki,Suriyadakı kürd hərbi birləşmələri həm Birləşmiş Ştatların, həm də onu Yaxın Şərqdə təkbaşına hökmdarlıq etməyə qoymacağına and içən Rusiyanın maraqlarının daşıyıcısı kimi çıxış edə bilir.Ankaranın işini çətinləşdirən də budur.Ambisiyaları güclənən dövlətin daxilində müxtəlif arteriyaları dağıdırlar. Geopolitika son 100 ildə belə qətlləri artıq legitimləşdirib.Çara qarşı üsyanı indi milyonlarla adamın aparmasına ehtiyac yoxdur.Hökmdarı taxtdan salmaq istəyənlər məhdud bir qrupun əlinə silah verib onları növbəti gözlənilməzliyə yönəldirlər. Terrorun gücü bundadır.
Türkiyənin siyasi gələcəyi İrak və Suriyadakı "bataqlığı” kiminlə quruda biləcəyindən asılı olacaq.Yoxsa,onun öz ərazisində "qara bayraqları” qaldıranların sayı durmadan artacaq!
"Başın sağ olsun, Vətən” söyləyən milyonların matəmdə deyil, səngərdə bir olması gərəkdir!
Xəbər 2039 dəfə oxunub.