ABŞ Respublikaçılar Partiyasından prezidentiyə namizədi Donald Tramp Çinin ticarət siyasətini tənqid edib.
AzNews.az-ın CNN-ə istinadən məlumatına görə, o, İndianada seçkiöncəsi mitinqdə Çinin ABŞ-ı “zorladığını” iddia edib.
“Biz Çinin bundan sonra da xalqımızı “zorlamasına” icazə verə bilmərik, onlar məhz bunu da edirlər”, - deyə Tramp bildirib.
Analitiklər, “zorlama” deyərkən Trampın Çinin beynəlxalq ticarətdə ABŞ-ı üstələdiyi vəziyyətini nəzərdə tutduğunu bildirirlər.
Məlumat üçün bildirək ki, Tramp artıq dəfələrlə Çini valyutaya manipulyasiya etməkdə günahlandırıb və guya bunun sayəsində beynəlxalq bazarda ÇXR-in ixrac məhsullarının daha rəqabətədavamlı olduğunu bildirib. Siyasətçi hesab edir ki, bu, amerikan şirkətlərinə və onların əməkdaşlarına zərbə endirir.
İndianadakı çıxışı zamanı Tramp bu vəziyyəti dəyişəcəyinə söz verib: “Biz bunu dəyişəcəyik. Bütün kartlar bizdədir, bunu unutmayın”.
Tramp həmçinin qeyd edib ki, Çinə deyil, çox səriştəsiz olan amerikan liderlərə qəzəblidir.