“Tələbə Qəbulu üzrə Dövlət Komissiyası builki qəbul kampaniyasına başlayıb. Hazırda magistraturaya qəbul davam edir”.
Aktual.az xəbər verir ki, bunu fevralın 19-da Şamaxıda vətəndaşları qəbul edən TQDK sədri Məleykə Abbaszadə APA-ya açıqlamasında deyib. O, bakalavrların öz ərizələrini qeydiyyata alaraq təsdiqləmələri üçün fevralın 19-nun sonuncu gün olduğunu bildirib: “Fürsətdən istifadə edib bakalavrlara müraciət edərək bildirmək istəyirəm ki, əgər onlar magistratura təhsili almaq istəyirlərsə öz elektron ərizələrini bu gün gecə saat 00:00-dək təqdim edərək təsdiqləsinlər. Bakalavr pilləsinə qəbul imtahanlarını başlamazdan əvvəl biz sınaq imtahanlarını həyata keçirəcəyik. Sınaq imtahanlarının cədvəli artıq TQDK-nin internet saytına yerləşdirilib. İlk sınaq imtahanı aprel ayında olacaq”.
Məleykə Abbaszadə bu ilki qəbul qaydalarının yaxın günlərdə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınacağını da qeyd edib: “Biz bununla bağlı müvafiq sənədləri artıq nazirliyə göndərmişik. Bakalavr pilləsinə qəbul olmaq istəyən abituriyentlər narahat olmamalıdır. Qəbul qaydaları qeydiyyata alınan kimi çalışacağıq ki, onları “Abituriyent” jurnalının 2016-cı ilə aid olan birinci nömrəsində dərc edək. Qəbul qaydaları, testlər, qəbul proqramı yarım il ərzində elmi-metodiki seminarlarda müzakirə edilib və biz onları abituriyentlərin istifadəsi üçün hazırlamışıq, həmin materiallar yaxın günlərdə “Abituriyent” jurnalında dərc olunacaq”.
Komissiya sədri ilk dəfə olaraq bu il rus bölməsində oxuyan və Azərbaycan dili üzrə qəbul imtahanı verəcək abituriyentlərin xeyrinə bir yeniliyin olacağını da bildirib: “Belə ki, yeni qaydaya görə, onların imtahanı məqbulla qiymətləndirilərsə və bu il ali məktəbə qəbul olunmazlarsa, gələn il onlar həmin imtahanı yenidən verməyəcək və aldığı məqbul qiymət iki il nəzərə alınacaq. Bundan başqa builki bakalavr qəbulunda heç bir dəyişiklik olmayacaq”.