“Dərsliklər haqqında rəylərə və verilən cavablara Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası arasındakı münasibət baxımından deyil, elmi-pedaqoji və metodiki müstəvidə aparılan müzakirə kimi yanaşmaq lazımdır".
Bu sözlər TQDK-nın yaydığı məlumatda qeyd olunub.
Komissiyadan bildirilib ki, bütün işlər dərsliklərin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə aparılır: "Bununla bağlı, kütləvi informasiya vasitələri nümayəndələrindən verilən məlumatları kontekstdən çıxartmamaq, düzgün təhlil aparmaq xahiş olunur".
Məlumata görə, 2012-ci ildən bu günə qədər TQDK ölkədə ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadədə olan I-XI sinif dərsliklərinin elmi-metodiki monitorinqi aparıb. Bura Azərbaycan və rus bölmələri üzrə 391 dərslik, 154 müəllim üçün metodik vəsait daxildir: "Bakı şəhərində və bölgələrdə dərslik müəlliflərinin iştirakı ilə dərsliklərin açıq müzakirələri keçirilib və bu müzakirələr internet vasitəsilə canlı yayımlanıb.
Müzakirələr zamanı yeni təhsil proqramları (kurikulumlar) əsasında hazırlanan I-VIII sinif dərslik komplektləri ilə bağlı daha çox irad və təkliflər bildirilib. Müzakirələr nəticəsində məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat, verilən tapşırıqların məzmuna uyğunluğu baxımından yekun rəylər hazırlanıb. Yekun rəylər dərsliklərin yeni nəşrlərində nəzərə alınması üçün Təhsil Nazirliyinə göndərilib".
TQDK-dan bildirilib ki, dərsliklərin hazırlanması qaydalarına görə dərsliklər 4 il müddətində istifadədə olduğundan, rəylərdə göstərilən irad və təkliflərin qısa müddətdə düzəldilməsi mümkün deyil: "Bunu nəzərə alaraq, müəllimlərə metodiki köməklik baxımından, həmçinin monitorinqin nəticələrinin ictimiayyətə təqdim edilməsi üçün 2013-cü ildə “Dərslik portalı”( http://derslik.edu.az/) yaradılıb. Bütün yekun rəylər portalda (http://derslik.edu.az/monitoring/level4/) yerləşdirilib. Portaldan indiyədək 1275678 dəfə istifadə edilib, 2332 nəfər qeydiyyatdan keçərək dərsliklər haqqında irad və təkliflərini bildiriblər".
Komissiyadan bildirilib ki, müəllimlər dərsliklərin yeni nəşrinə qədər tədris prosesində portaldakı materiallardan istifadə edə bilirlər: "Çünki yekun rəylərdə yalnız irad və təkliflər deyil, həm də iradların aradan qaldırılması yolları və düzgün variantları göstərilib. Həmçinin, müəllimlər tədris prosesində dərsliklərdə rast gəldikləri uyğunsuzluqlarla bağlı portala suallar ünvanlaya bilirlər. Həmin suallar mütəmadi olaraq dərslik müəllifləri və ekspertlər tərəfindən cavablandırılır, fikir mübadiləsi aparılır.
Dərslik müəllifləri yeni təhsil proqramları (kurikulumlar) əsasında hazırlanmış dərslik komplektlərinə dair yekun rəylərə də mütəmadi olaraq cavab verirlər və onların cavabları portalda yerləşdirilir. Belə ki, bu günlərdə IV sinif dərslik komplektlərinə (2015-ci il nəşri) dair yekun rəylərə müəlliflərin cavabları da portalda yerləşdirilib.
Müzakirələrdə iştirak edənlərin, yekun rəyləri hazırlayan ekspertlərin və dərslik müəlliflərinin alim, praktik müəllim, metodist, psixoloq olduqları nəzərə alınarsa, dərsliklər haqqında rəylərə və verilən cavablara iki dövlət qurumu arasındakı münasibət baxımından deyil, elmi-pedaqoji və metodiki müstəvidə aparılan müzakirə kimi yanaşmaq lazımdır. Bütün bu işlər dərsliklərin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə aparılır. Bununla bağlı, kütləvi informasiya vasitələri nümayəndələrindən verilən məlumatları kontekstdən çıxartmamaq, düzgün təhlil aparmaq xahiş olunur".