Toy axşamı günü qohumunu öldürən Abşeron sakini 17 il cəza alıb - (FOTO)

Toy axşamı günü qohumunu öldürən Abşeron sakini 17 il cəza alıb - (FOTO)

Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayon sakini Arif Ağayevin CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirilməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını qəsdən öldürmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Aktual.az xəbər verir ki, 2015-ci il dekabrın 25-də toydan öncə təşkil olunan qonaqlıqda qohumlar arasında düşən mübahisə bir nəfərin ölümünə səbəb olub. Hadisə Saray qəsəbəsində, R.Nəbiyev küçəsi, 23 ünvanında baş verib. Belə ki, xeyir işə hazırlaşan Ağayevlər ailəsi toydan bir gün əvvəl yaxınları üçün "ciyər axşamı" məclisi təşkil edib. Məclisdə iştirak edən ev sahibi Seyran Ağayevin qardaşı oğlu, əvvəllər məhkum olunmuş Arif Ağayev digər qohumu ilə mübahisə edib. Münaqişə zəminində Arif bıçaqla qohumunu vurmaq istəyəndə 45 yaşlı Əlibaba Məmmədov onları ayırmağa cəhd göstərib. Bu zaman bıçaq Əlibabanın sinəsinə dəyib və o, aldığı xəsarətdən hadisə yerində ölüb. Hadisədən sonra Ağayev ərazidən qaçıb.

Əməliyyat-axtarış tədbirlərini həyata keçirən Abşeron RPİ-nin əməkdaşları şübhəli şəxsi 2016-cı il fevralın 16-da yaxalayaraq, istintaqa təqdim ediblər.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Qeyd edək ki, ötən prosesdə prokuror məhkəmədən A.Ağayevə 20 il cəza təyin edilməsini xahiş edib.




Xəbər 1438 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR