Tovuz rayoununda bir ailənin üç üzvü bıçaqlanıb. Hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib.
Aktual.az xəbər verir ki, Tovuz rayon Polis Şöbəsindən ans press-ə verilən məlumata görə, dünən axşam saatlarında Tovuz Mərkəzi Xəstəxanasından polis şöbəsinə, ikisi bıçaq xəsarəti alan üç nəfərin gətirilidiyi barədə məlumat daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları xəsarət alanların 1970 – ci il təvəllüdlü Yuxarı Öysüzlü kənd sakini Əhmədov Fariz Səfər oğlu, onun qardaşı Əhmədov Sabir Səfər oğlu və oğlu 1998 - ci il təvəllüdlü Əhmədov Elnur Fariz oğlu olduğu müəyyənləşib.
Şöbədən onu da bildirdilər ki, hadisəyə səbəb Röyal Mehdioğlunun və Elnur Əhmədovun günorta saatlarında Yuxarı Öysüzlü kəndində keçirilən toyda spirtli içki qəbul etməsi olub. Sərxoş halda olan hər iki şəxs toydan çıxarkən aralarında mübahisə yaranıb. Bu zaman Röyal Elnurun üzünə yumruq zərbəsi endirib. Hadisə yerinə Fariz Əhmədov gəlib və ortalığı sakitləşdirməyə çalışıb. Elə bu zaman Röyal onun qarın nahiyəsinə bıçaq zərbəsi endirib. Mübahisəni görən üçüncü şəxs, Sabir isə Röyalın əlindən bıçağı almaq istəyərkən bıçaq onun əlini kəsib. Hadisəni törədən şəxs isə ərazidən uzaqlaşıb.
Yaralılar dərhal Tovuz Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan ikisinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Farizin vəziyyəti ağır olduğu üçün onu Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına gətiriblər.
Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasından verilən məlumata görə F. Əhmədov xəstəxanaya daxil olan kimi üzərində cərarhiyyə əməliyyatı aparılıb.Onun diaqnozu qarın nahiyəsinin kəsilmiş- deşilmiş yarası olub. Hazırda onun vəziyyəti ağırdır.
Faktla bağlı Tovuz rayon Polis şöbəsində Röyal Mehdioğlunun tutulub istintaqa cəlb edilməsi ilə bağlı araşdırma aparılır.