Azərbaycan Respublikasının prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1330-IVQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Aktual.az AZƏRTAC-a istinadən bildirir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1330-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".
Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 478; 2001, № 12, maddə 736; 2002, № 5, maddələr 237, 241; 2003, № 1, maddə 11, № 6, maddə 256, № 8, maddə 423; 2004, № 2, maddə 59, № 6, maddə 415, № 10, maddə 761; 2006, № 2, maddə 67, № 6, maddə 478, № 8, maddə 657, № 11, maddə 932; 2007, № 1, maddə 3, № 8, maddə 745; 2008, № 5, maddə 348, № 6, maddə 460, № 8, maddə 707, № 12, maddə 1048; 2009, № 2, maddə 36; 2012, № 6, maddə 497; 2013, № 6, maddə 621; 2015, № 3, maddə 244, № 4, maddə 358) 56-cı maddəsinin 2-ci hissəsinin dördüncü cümləsinə "vətəndaşlarının mülkiyyətinə" sözlərindən sonra "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla" sözləri əlavə edilsin.