Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti əsaslı təmirdən sonra istifadəyə verilmiş Silahlı Qüvvələrin Hərbi Tibb Fakültəsində olublar.
Aktual.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, hərbi hissə və birləşmələrin tibb xidməti rəisləri, tibbi hərbi hissə və müəssisələrin komandirləri, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının şöbə və bölmə rəislərinin iştirak etdiyi toplantıda əvvəlcə Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Z. Həsənov toplantıda çıxış edərək ordu həyatında tibb xidməti sahəsinin vacib istiqamətlərdən biri olduğunu xüsusi qeyd edib: “Əsgərin xidmət etdiyi bütün sahələrdə hərbi həkimlərin fəaliyyəti diqqəti cəlb edir. Belə olan halda hər bir həkim üzərinə düşən məsuliyyət hissini artırmalıdır. Bölmələrdə şəxsi və ictimai gigiyena qaydalarına əməl edilməsində komandir tələbkarlığının artırılmasında sizin fəaliyyətiniz yetərincə olmalıdır. Ordumuzda xəstəliklərə rast gəlinməməsi üçün bu istiqamətdə təxirəsalınmaz tədbirlərin müntəzəm şəkildə həyata keçirilməsi vacibdir. Şəxsi heyətin geyiminə, qidalanmasına, məişət şəraitinə nəzarət etməklə, əsgərin sağlamlığını tam qorumaq mümkündür. Dövlətin, xalqın güvəndiyi və torpaqlarımızı qoruyan hərbi qulluqçuların sağlamlığı hər birimiz üçün önəmlidir”.
Nazir Hərbi Tibb Fakültəsində müasir tələblərə cavab verən laboratoriya otaqlarının, fənn kabinetlərinin, simulyasiya mərkəzinin fəaliyyət göstərməsini gələcəyin peşəkar hərbi həkim kadrlarının hazırlanmasında mühüm rol oynadığını da vurğulayıb.
General-polkovnik daha sonra qeyd edib ki, prezident, Ali Baş Komandan İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Silahlı Qüvvələrdə quruculuq işlərindən, əsgər və zabitlərin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlardan və ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsi üçün görülən vacib tədbirlərdən danışıb: “Dövlətimizin başçısının diqqəti və qayğısı sayəsində Azərbaycan Ordusu düşmənlə təmas xəttində tam üstünlüyü əldə edib. Artıq cəbhədə ermənilərin qorxuya düşdükləri heç kimə sirr deyil. Cəbhə xəttində son bir ildə ordumuz tərəfindən xeyli sayda düşmən məhv edilib. Nə qədər ki, ermənilər öz işğalçılıq siyasətindən əl çəkməyiblər cənab Prezidentin dediyi kimi, "torpaq düşmənlərin ayaqları altında od tutub yanmalıdır. Erməniləri işğal etdikləri ərazilərdə dinc oturmağa qoymayacağıq. Bizim məqsədimiz budur”.
Son illərdə şəxsi heyətin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən də danışan müdafiə naziri son iki ildə müasir dövrün tələblərinə cavab verən hərbi şəhərciklər tikilərək şəxsi heyətin ixtiyarına verildiyini vurğulayıb. Zabit və əsgərlərin rahatlığına və sağlamlığına təminat verən bu işlər yenə davam etdiriləcək. Artıq yetərli sayda hərbi qulluqçu xidməti mənzillərlə də təmin edilib. Bu yaxınlarda isə 500 hərbi qulluqçuya daimi mənzillər verilib.
Müdafiə naziri bundan sonra da hərbi qulluqçularımızın vətən qarşısında xidməti borclarını şərəflə yerinə yetirəcəklərini bildirərək Silahlı Qüvvələrin tibb heyətinə uğurlar arzulayıb.
Sonra Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev çıxış edərək son illər Silahlı Qüvvələrdə tibb xidməti sahəsində aparılan islahatların müsbət nəticələrini, ordu rəhbərliyinin hərbi səhiyyənin inkişafına diqqət yetirdiyini nəzərə çatdırıb. O qeyd edib ki, ordumuzda ilk dəfə olaraq xəstələrin təxliyəsi üçün ambulans helikopterin alınması yaralılara, xəstələrə vaxtında və təxirəsalınmaz tibbi yardımın göstərilməsini mümkün edib. O, orduda tibb xidmətinin səviyyəsinin daha da yüksəldilməsi məqsədilə ölkəmizin qabaqcıl tibb mütəxəssislərinin iştirakı ilə seminarların keçirildiyini, Türkiyənin Gülhanə Tibb Akademiyasında və Almaniyanın qabaqcıl tibb müəssisələrində yüksək ixtisaslı həkim briqadalarının dəfələrlə Hərbi Tibb Fakültəsində olduğunu da diqqətə çatdırıb.
Sonda nazir toplantı iştirakçılarını maraqlandıran sualları cavablandırıb.