Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stavı qəbul edib.
DQİDK-nin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə M.Qurbanlı Azərbaycan-İsrail münasibətlərinin tarixindən, yəhudi icmasının Azərbaycandakı fəaliyyətindən danışıb. Azərbaycanda multikultural və tolerant mühitin dərin tarixi köklərə malik olduğunu vurğulayan komitə sədri Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsinin təsadüfi olmadığını bildirib: "Tolerantlıq xalqımızın həyat tərzidir. Azərbaycanda bütün dinlərin nümayəndələri, yəhudilər də daxil olmaqla əsrlərdir sülh və qardaşlıq mühitində yaşayırlar".
Səfir Dan Stav fəaliyyəti dövründə Azərbaycanın bölgələrinə səfərlər etdiyini, multikultural və tolerant mühitin bütün ölkə ərazisində yüksək səviyyədə hökm sürdüyünün şahidi olduğunu, müxtəlif mədəniyyət və dinlərin nümayəndələrinin, etnik azlıqların harmoniya halında, qarşılıqlı hörmət şəraitində yaşadıqlarını bildirib.
Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda İsrail Dövlətinin səfiri Dan Stav səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.
Aktual.az