Tiflisdə fəsadların aradan qaldırılması dövlət tərəfindən tənzimlənir FOTO

Tiflisdə fəsadların aradan qaldırılması dövlət tərəfindən tənzimlənir   FOTO

Iyunun 13-dən 14-nə keçən gecə saat 00.30 radələrində Gürcüstan paytaxtında baş verən güclü leysan yağışlar bir çox fəsadlar törədib.

APA-nın Gürcüstan bürosunun hadisə yerində olan müxbirinin məlumatına görə, Tiflisin mərkəzindən axan Vera çayının daşması nəticəsində yolları su basıb, Kür çayı boyunca uzanan prospekt və küçələrə, həmçinin dövlət və bir sıra şirkətlərin ofis və obyektlərinə, binaların birinci mərtəbəsinə sel suları dolub, yollar çöküb və torpaq sürüşməsi baş verib. 

Hazırda gecə də olsa, Tiflisin təbii fəlakət nəticəsində fəsadlar olan küçələrində təmizlənmə işləri dayanmır. Tiflisdə Kür çayının sol sahili boyunca uzanan küçəsində güclü sel suları dağıntılar əmələ gətirib, küçənin körpüdən keçən hissəsində asfalt tamamilə yararsız hala düşüb və güclü daşqın bir neçə avtomobili Kür çayının sahilindəki səkilərə və körpünün dirəklərinə çırpıb. Hazırda həmin sahədə ağır texnika işləyir və xilasetmə dəstələri çalışırlar.

Bu saatlarda Vake-Saburtalo ərazisində fəsadlar aradan qaldırılır, həmçinin zooparkın mütəxəssisləri Tiflis və onun ətrafına qaçan vəhşi heyvanları tutmaqla məşğuldur. Zoopark rəhbərliyinin bildirdiyinə görə, indiyədək Tiflisin küçələrindən 17 vəhşi heyvan tutulub.

Məlumata görə, Vera çayının daşması nəticəsində 12 nəfər Gürcüstan vətəndaşı boğularaq ölüb, axtarış tədbirləri davam etdirilir. Ümumilikdə 24 nəfərin itkin düşdüyü bildirilir. Fəlakət nəticəsində evsiz qalan ailələr isə otellərə və digər evlərə köçürülüb.

Qeyd edək ki, hazırda Gürcüstan hökuməti bütün vacib dövlət tədbirlərini təxirə salıb və yalnız Tiflisdəki fəlakətin fəsadlarını aradan qaldırılması ilə məşğuldur. Hökumət Tiflis meriyasına fəsadları aradan qaldırmaq üçün ilk mərhələdə 10 milyon lari ayırıb. TBS-Bank bu gün fəlakət nəticəsində xəsarət alan hər bir Gürcüstan vətəndaşına 50 min lari yardım etməyi qərara alıb. Bank bu vacib köməyə şirkətlərin və vətəndaşların da qoşulması üçün çağırış edib.

Gürcüstanda fəaliyyət göstərən SOCAR şirkəti də Tiflisdə daşqınlar zamanı yaranan fəsadların aradan qaldırılmasına qoşulub. Bu gün şirkət tərəfindən şəhər infrastrukturunun bərpası üçün 10 000 litr benzin ayrılıb. Bundan başqa, təbii fəlakət zamanı xəsarət alan ailələrə kömək üçün şirkət tərəfindən 50 000 lari ayrılıb və həmçinin SOCAR rəhbərliyi tərəfindən əhaliyə kömək üçün digər imkanlara da baxılacaq.

Qeyd edək ki, sabah azərbaycanlıların kompakt yaşadığı Marneulidən də Marneuli Gənclər Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə könüllülər dəstəsi fəsadların aradan qaldırılmasına kömək üçün Gürcüstan paytaxtına yola düşəcəklər. Gürcüstanın Maliyyə Naziri Nodar Xaduri bildirib ki, daşqınlar zamanı 40 milyon maddi ziyan dəyib və yenə də hesablamalar aparılır.

Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin sərəncamına əsasən, fəsadların aradan qaldırılması üçün Fövqəladə Qərargah yaradılıb və qərargahda həyata keçirilən məsələlər müzakirə olunur. Fəsadların aradan qaldırılması üçün Dövlət təhlükəsizliyi və böhranların idarə edilməsi Şurası bütün işləri tənzimləyir.

Aktual.az

Xəbər 842 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR