“The Sun”: Tofiq Bəhramov bütün ingilislərin qəlbində xüsusi yer tutur

“The Sun”: Tofiq Bəhramov bütün ingilislərin qəlbində xüsusi yer tutur

Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalı ərəfəsində Böyük Britaniyanın "The Sun” nəşrində Azərbaycanın futbol hakimi Tofiq Bəhramov barədə geniş yazı dərc olunub.


"Report” xəbər verir ki, müəllif finalda qarşılaşacaq İngiltərənin "Arsenal” və "Çelsi” komandalarının azarkeşlərini Bakıya gələrkən mütləq şəhər turuna çıxmağa çağırıb: "Əgər onlar bunu etsələr, İngiltərə futbol tarixinin ən təsiredici şəxsinə vəfa borclarından da çıxa bilərlər”.

T.Bəhramovu 1966-cı il dünya çempionatında İngiltərə və AFR (Qərbi Almaniya) milliləri arasında keçirilmiş final matçı məşhurlaşdırıb. Hesab 2:2 ikən əlavə vaxtda isveçrəli baş hakim Qottfrid Dinst azərbaycanlı yan xətt hakimi ilə məsləhətləşdikdən sonra mərkəzi göstərib. Sonradan daha bir qol vuran İngiltərə yığması 4:2 hesablı qələbə sayəsində dünya çempionu olub.

Məqalədə qeyd olunur ki, finaldan bəri ingiltərəli azarkeşlər T.Bəhramovu böyük ehtiramla xatırlayırlar: "Uembli”də 1966-cı il dünya çempionatının qalibi olan İngiltərə millisinin kapitanı Bobbi Murun heykəli var. "Old Trafford”da Aleks Ferqyuson, Mett Basbi, Corc Best və Bobbi Çarltonun abidəsi qoyulub. Ancaq Azərbaycanın paytaxtında yerli sakinlər sabiq referi Tofiq Bəhramovu bürünc heykəl formasında əbədiləşdiriblər. Tofiq Bəhramov bütün ingilislərin qəlbində xüsusi yer tutur. O, 1996-cı ildə "Umebli”də İngiltərə və Qərbi Almaniya komandaları arasında keçirilən finalın yan xətt hakimi olub. Son 50 ildə topun qapı xəttini keçib-keçməməsi müzakirə mözvusu olsa da, həmin vaxt Bəhramov qətiyyətli formada qol olduğunu bildirib”.

Məqalədə T.Bəhramovun hakimliklə yanaşı, futbolçu, məşqçi və idarəçi olduğu xatırladılıb. Onun 1972-ci ildə ilk UEFA Kubokunun final matçını idarə etdiyi də vurğulanıb. Həmin oyunda İngiltərənin "Tottenhem” klubu bu ölkənin digər təmsilçisi "Vulverhempton”u 2:1 hesabı ilə məğlub edib.

Yazıda T.Bəhramovun oğlu Bəhramın da fikirlərinə yer verilib: "Atam həmişə deyirdi ki, finalda doğru qərar verib. Əlbəttə, mübahisəli epizoddur. Ancaq o, başını dik tutaraq, qol olduğunu bildirib. İndi Azərbaycanın müstəqil olduğu dövrdə onun Azərbaycan xalqının nümayəndəsi kimi xatırlanılması çox vacibdir. Tofiq Bəhramov kimi adamlar 100 ildə bir dəfə doğulur”.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyunu saat 23:00-da başlayacaq.

 
Aktual.az
Xəbər 455 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR