Səudiyyə Ərəbistanı 34 ölkənin iştirakı ilə terrorizmə qarşı İslam hərbi koalisiyası yaradıb.
Aktual.az "Report"a istinadən xəbər verir ki, yeni koalisiyanın ümumi qərargahı Ər-Riyad şəhərində yerləşəcək.
Səudiyyə Ərəbistanının Müdafiə naziri Muhammed ibn Salman al-Saud bildirib ki, hərbi koalisiya öz fəaliyyətini böyük dövlətlərlə və beynəlxalq təşkilatlarla sıx əlaqədə quracaq. Nazir vurğulayb ki, İslam dininə görə terror aktları cinayət hesab olunur.
Koalisiyaya: Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər, Küveyt,Yəmən, Benin, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Komor adaları, Fil Dişi Sahili, Liviya, Mali, Misir, Mərakeş, Mavritaniya, Niger, Nigeriya, İordaniya, Fələstin, Livan, Türkiyə, Pakistan, Banqladeş, Maldiv adaları, Malayziya daxil olub.
Aralarında İndoneziyanın da olduğu daha 10 dövlətin koalisiyaya "dəstək verdiyi" qeyd olunur.
Səudiyyə Ərəbistanının regiondaki əsas rəqibi sayılan İran koalisiyaya daxil olmayıb. Yeni quruma, həmçinin, Suriya, İraq və Oman qatılmayıblar.