Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə şirkəti - "SOCAR Ukraine” Ticarət Evi tərəfindən bu ilin iyul-sentyabr aylarında Ukraynaya 144 mln. kubmetr qaz idxal edilib.
"Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu, 2018-ci ilin III rübündə Ukraynaya idxal edilən qazın ümumi həcminin 4,11%-ni təşkil edir. Bu ilin üçüncü rübündə Avropadan Ukraynaya 3,5 mlrd. kubmetr qaz idxal edilib. Bu, idxalı isə əsasən 30 şirkət həyata keçirib.
Qeyd edək ki, bu ilin iyul-sentyabr ayları ərzində özəl tədarükçü şirkətlər tərəfindən Ukraynaya 761 mln. kubmetr qaz tədarük edilib. Bu isə özəl şirkətlər tərəfindən Ukraynaya tədarük edilən qazın ümumi həcminin 18,9%ni təşkil edir. Özəl şirkətlər arasında qazı əsasən 5 şirkət idxal edib. Bu siyahıda lider "SOCAR Ukraine” Ticarət Evi olub.
Xatırladaq ki, ümumilikdə, bu ilin yanvar-sentyabr aylarında Ukraynaya treyderlər tərəfindən 6,2 mlrd. kubmetr həcmində qaz idxal edilib.
Aktual.az
Xəbər 626 dəfə oxunub.