Ötən həftə 141 yanğına çıxış olub, 68 nəfər xilas edilib
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. Bu barədə Aktual.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 141 yanğına çıxış, 46 halda köməksiz vəziyyətdə qalma, 8 avtonəqliyyat qəzası və 3 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 16-sı azyaşlı olmaqla 68 nəfər xilas edilib, 2 nəfər təxliyə olunub, 10 nəfər xəsarət alıb, əməliyyatlar zamanı 8 nəfərin meyiti təhvil verilib.