"Ədliyyə Nazirliyinin adlarla bağlı statistik məlumatlarında yer alan siyahıda "Adsız" adı ilə göstərilmiş körpələr ölü doğulmuş körpələri göstərir. Bu, körpələrə qoyulan ad deyil".
Aktual.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Belə ki, bu ilin yanvar ayında 13 oğlan, 5 qız uşağının doğum faktı qeydə alındığı üçün siyahıda yer alıblar. Lakin onlar ölü doğulduqlarından siyahıya "adsız" kimi düşüblər. "Yəni Azərbaycanda doğulan heç bir körpəyə "Adsız" adı verilməyib", - nazirlikdən bildirilib.
Bu ilin yanvar ayında Azərbaycanda doğulan oğlan uşaqlarına verilən adlar arasında ilk beşlikdə Yusif (83), Hüseyn (67), Əli (57), Ömər (43), Murad (36) adları yer alıb.
Bu il qoyulan adlar arasında türk mənşəli Tunar (30) və Ayxan (28) adları 6-7-ci sıralarda yer alıb.
Qoyulan adlar arasında Məhəmməd, Uğur, Kənan, İbrahim, Emil, Nahid, Amin və s. adlar üstünlük təşkil edib.
Qızlar arasında ilk beşliyi Nuray (73), Zəhra (66) Zeynəb (56), Fatimə (48), Məryəm (44) adları, türk mənşəli Aylin adı (41) isə 6-cı sıranı alıb. Eyni zamanda, Mələk, Ayan, Dəniz, Səma, Mədinə, Xədicə, Leyla, Gülay, Yağmur, Banu kimi adlar siyahıda üstünlük təşkil edib. Yanvar ayında körpələrə verilən adlar arasında qeyri-adi, mənasız adlar qeydə alınmayıb.
Nazirlikdən bildirilib ki, belə hallara qarşı Azərbaycan Milli Elmlər Akademiyasının Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiya ciddi nəzarət həyata keçirir.