Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətində əmək qanunvericiliyi və ona əməl olunması üçün müəssisələrdə görülməli olan zəruri tədbirlər barədə işəgötürənlərin ardıcıl və geniş məlumatlandırılması, onlara müvafiq metodiki köməkliklərin göstərilməsi mühüm yer tutur.
Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu istiqamətdə görülən tədbirlər iş yerlərində əmək hüquqlarının pozulması hallarının tədricən azalması ilə müşayiət olunur. Belə ki, son bir ayda vətəndaş müraciətlərinin araşdırılması zamanı aşkar olunan əmək qanunvericiliyinin pozulması hallarının sayı ötən ilin oktyabr ayı ilə müqayisədə 23,5%, cari ilin sentyabr ayı ilə müqayisədə isə 17,1% azalaraq 1 494-ə enib.
Ümumilikdə, cari ilin 10 ayında belə hüquq pozuntularının sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,1% azalma özünü göstərib.
Əmək qanunvericiliyinin tələblərinə əməl edilməməsi hallarının əsasən topdansatış, tikinti, ticarət, ictimai iaşə sahələrində özünü göstərdiyi müəyyən edilib. Aşkar edilən hüquq pozuntularının qısa müddətdə aradan qaldırılması üçün qanunvericiliyə uyğun tədbirlər görülüb, işçilərin əmək hüquqlarının pozulması hallarının bir daha təkrarlanmaması üçün aidiyyəti işəgötürənlərlə izahat işləri aparılıb.