Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış son hadisələr Mərakeş mətbuatının da diqqət mərkəzində olub.
Aktual.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycanın Mərakeşdəki səfirliyindən bildiriblər ki, “Bəyən əl-Yaum” qəzetində dərc olunmuş məqalədə Azərbaycan Xarici İşlər Nazirliyinin 3 aprel tarixli bəyanatı verilib.
Məqalədə Azərbaycan Müdafiə Nazirliyinə istinadən Ermənistan silahlı bölmələrinin təxribatçı əməllərinin nəticələri, Azərbaycan ordusunun onlara verdiyi layiqli cavab barədə məlumat verilir.
Müəllif təmas xəttində baş verən hadisələrlə bağlı BMT baş katibinin, ABŞ dövlət katibinin, Rusiya, Fransa prezidentlərinin, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin narahatlıqlarını ifadə etdiklərini diqqətə çatdırır.
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışından da fikirlər yer alıb.
Təmas xəttində baş verənlərlə bağlı ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrinin bəyanatına toxunan müəllif onun Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmasına çağırdığını, münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində həllinə tərəfdar olduğunu bildirib. Həmçinin İslam Əməkdaşlıq Təşkilatı tərəfindən verilmiş bəyanatda təşkilatın Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmağa çağırdığı, münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində təcili həllinə nail olunması istiqamətində konstruktiv addımlar atmağı tələb etdiyi vurğulanır.
Azərbaycanın Dağlıq Qarabağ ərazisinin və ətraf yeddi rayonun Ermənistan tərəfindən işğal edildiyini, bir çox beynəlxalq təşkilatların, xüsusilə də BMT-nin münaqişə ilə bağlı dörd qətnamə qəbul etdiyini və bu qətnamələrin Ermənistandan işğal olunmuş Azərbaycan torpaqlarının dərhal və qeyd-şərtsiz boşaldılmasını tələb etdiyinə toxunan müəllif bütün bunlara baxmayaraq, Ermənistanın hələ də təcavüzkar əməllərindən əl çəkmədiyini bildirir.
Məqalədə Azərbaycanın beynəlxalq hüquqa, BMT Nizamnaməsinə, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə daim hörmətlə yanaşdığı qeyd edilib, münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində həllini tələb edən rəsmi Bakının işğal olunmuş torpaqlarının bir qarışını belə kompromisə getməyəcəyi vurğulanır.
Cəbhə xəttində yaranmış son gərginliklə bağlı Mərakeşin Agorapress portalında da məqalə yayılıb.
Məqalədə Ermənistan qoşunlarının atəşkəsi pozması, Azərbaycan ordusunun uğurlu əməliyyatları barədə məlumat verilir.
Yazıda Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı da yer alıb.
Son hadisələrlə əlaqədar daha bir məqalə Mərakeşin “əl-İslah və ət-Tənmiyə” qəzetində dərc olunub.
Məqalədə Azərbaycanın Dağlıq Qarabağ ərazisinin və ətraf yeddi rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi, ermənilərin Azərbaycan xalqına qarşı tarix boyu amansız soyqırımları həyata keçirdiyi, bir çox beynəlxalq təşkilatların münaqişə ilə bağlı sənədlər qəbul etdiyi və Ermənistandan işğal olunmuş Azərbaycan torpaqlarını dərhal və qeyd-şərtsiz tərk etməyi tələb etdiyi, Ermənistanın isə bu sənədlərə məhəl qoymadığı vurğulanır. Azərbaycan dövlətinin və xalqının ölkənin haqlı mövqeyinə dəstək verən dost və qardaş ölkələrə, o cümlədən Mərakeşə minnətdar olduğu diqqətə çatdırılır.
Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış son gərginliklə əlaqədar ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri tərəfindən verilmiş bəyanatı ehtiva edən məktub Azərbaycanın Mərakeşdəki səfirliyinə daxil olub.
Bəyanatda deyilir ki, ISESCO-nun baş direktoru Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda törətdiyi hərbi təcavüzləri, eləcə də iki ölkə arasındakı atəşkəsi dəfələrlə pozduğunu pisləyib. Əbdüləziz bin Osman əl-Tuveycri bildirib ki, Ermənistan son illər ərzində bu regionda bir çox məscidləri, mədəniyyət obyektlərini dağıdıb, regionun yüz minlərlə əhalisini öz doğma yurd-yuvalarından didərgin salıb. Baş direktor təhlükəsizlik məsələləri, insan hüquqları, humanitar mədəni irsin qorunması üzrə ixtisaslaşmış beynəlxalq təşkilatları beynəlxalq hüquqa zidd olan əməllərin dayandırılması üçün müdaxilə etməyə çağırıb.