“Telekanallarda diktorluq məktəblərinin yaradılması ilə bağlı təkliflər olub. Hələ ki, bu məsələ gündəmdə deyil”.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
MTRŞ rəsmisi bildirib ki, hər il olduğu kimi bu il də yay və ya payız aylarında televiziyların dili ilə bağlı monitorinq aparılacaq.
Şöbə müdiri MTRŞ-la Dilçilik İnstitutunun birgə apardığı monitorinqlərin nəticələrinə aqressiv münasibət göstərən teleaparıcıların iradlarının başadüşülən olduğunu deyib.
“Televiziyalarda söyüş və ya xarici dildən istifadə kimi hallar olduqda, bu, Azərbaycan dilinin kobud şəkildə pozulması hesab edilir. Burada MTRŞ televiziyalara qarşı inzibati tədbir görür. Əvvəlki dövrlərlə müqayisədə televiziyalarda neqativ halların azaldığı müşahidə olunur. Xırda məsələlər, qeyri-etik ifadələr ola bilər. Ümumilikdə, Azərbaycan dilinin kobud şəkildə pozulması halları son vaxtlar qeydə alınmayıb”-deyə MTRŞ rəsmisi qeyd edib.