Tələbələrə ilk təhsil kreditləri verildi

Tələbələrə ilk təhsil kreditləri verildi

Təhsil Nazirliyində Maarifçi Tələbə Kredit Fondunun ilk kreditlərini alan tələbələrə sertifikatların təqdim olunması mərasimi keçirilib.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Maarifçi Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud, ali təhsil müəssisələrinin rəhbərləri və tələbələr iştirak ediblər.

M.Cabbarov qeyd edib ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış Maarifçi Tələbə Kredit Fondunun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.

Bu təşəbbüsə qoşulan bütün ali məktəblərə təşəkkür edən nazir bildirib ki, onlar bu layihəyə qoşulmaqla sosial məsuliyyət nümayiş etdiriblər. Tələbələrin akademik məzuniyyət götürməməsi üçün şərait yaradıblar: "Dünya təcrübəsinə baxdıqda görünür ki, təhsil kreditləri məktəblərin öz gücü ilə təmin edilmir, burada digər mənbələrdən istifadə edilir. Bu sahədə beynəlxalq təcrübə fərqlidir. Burada bütün hallarda gəlir götürülmə məqsəd kimi güdülmür. Mən biznes strukturları üçün Fondun qapılarının açıq olduğunu bildirmək istəyirəm. Digər ali məktəbləri də bu fondda görmək istərdik. Belə olan halda fond daha çox tələbə üçün əlçatan olacaq".

Nazir qeyd edib ki, tələbələr kreditləri ilə ixtisasları üzrə təhsil alıb əmək bazarında öz yerlərini tutduqdan sonra kreditlərini qaytarmağa başlayacaqlar ki, bu da növbəti illərdə digər tələbələrin kredit almasına imkan yaradacaq.

M.Cabbarov əlavə edib ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da təhsil kreditlərinin tətbiq edilməsi tələbələrin təhsil haqqını ödəməkdə yaranan çətinliklərini aradan qaldıracaq.

Maarifçi Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud bildirib ki, kredit almaq üçün müraciət yalnız elektron qaydada ola bilər. Kredit üçün sənəd qəbulu iyunun 3-dən 25-dək aparılıb. Bu müddətdə 300-dən çox tələbə və onların valideynləri fondla əlaqə saxlayıb: "Tələbələr və valideynlərdən 300-dən çoxu fondun saytına daxil olaraq kredit almaqla bağlı maraqlanıblar. Hər biri ilə danışıqlar aparılıb. Lakin fondun qoyduğu şərtlər çərçivəsində 55 müraciətə baxılıb, meyarlara cavab verən 22 tələbə ilə müqavilə imzalanıb".

R.Mahmud qeyd edib ki, müqavilələrin 10-u standart, 12-si isə güzəştli kredit paketləri üzrə olub. Mənfi cavab alan tələbələr akademik göstəricisi 71-dən aşağı olanlar, sənədləşmə uyğunsuzluğu olanlar olub: "Maraq çox olub. Belə ki, Lənkəran Dövlət Universitetindən artıq yazılı şəkildə müraciət olunub. Eyni zamanda, tələbələrdən də təkliflər olub ki, qoyulan bəzi şərtlər sadələşdirilsin. Bütün bu təkliflərə fondun növbəti şura iclaslarında baxılacaq".

Sonra təhsil naziri Maarifçi Tələbə Kredit Fondunun ilk təhsil krediti ayırdığı bir qrup tələbəyə müvafiq setifikatları təqdim edib.

Xəbər 364 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR