Özəl universitetlərə maraq azalıb. Hətta elə universitetlər var ki plan yerlərinin cəmi 11, bəzilərinin isə 25 faizi dolub. Ümumilikdə özəl ali təhsil müəssisələrindəki plan yerlərinin təxminən 58 faizi boş qalıb.
Vətəndaşlar özəl ali təhsil müəssisələrinə marağın bu cür azalmasını təhsil haqqının yüksək olması ilə əlaqələndirirlər.
Aktual.az-ın məlumatına görə, təhsil eksperti Əjdər Ağayev Xəzər xəbər-ə bildirib ki, əksər universitetlər qeydiyyat zamanı illik ödənişi tələb edir.
Qısa müddət ərzində bu vəsaiti tapa bilməyən abituriyentlər qeydiyyatdan imtina etmək məcburiyyətində qalır.
Ekspert qeyd edib ki, belə məqamlarda müəyyən güzəştlərin tətbiqi ilə tələbə cəlb etmək olar. Əjdər Ağayev digər çıxış yolunu isə təhsil haqqının aşağı salınmasında görür.
Bildirilir ki, bəzi özəl universitetləri yaranmış vəziyyətlə əlaqədar olaraq yeni tədris ilində təhsil haqlarını 20-25 faiz endirmək qərarına gəliblər.