Bakı Apellyasiya Məhkəməsində Şamaxı rayon sakini Kərim Ələkbərovun (1995-ci il təv.) CM-nin 120.1 (qəsdən adam öldürmə) və
228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya saxlama) maddəlləri ilə məhkəmə prosesi yekunlaşıb.
Aktual.az xəbər verir ki, ötən il iyunun 14-ü axşam saat 23 radələrində Əhmədli qəsəbəsində Kərim Ələkbərov tanışı, şəhər sakini Elmar Əliyevə (1995-ci il təv.) döş qəfəsindən bir bıçaq zərbəsi vuraraq, onu ağır yaralayıb, nəticədə 3 saylı kliniki xəstəxanaya çatdırılan şəxs orada keçinib. Araşdırmaya başlayan Xətai RPİ 35-ci poils bölməsinin və rayon prokurorluğunun əməkdaşları hadisə yerinin baxışını keçiriblər, istintaq-əməliyyat yolu ilə müəyyən edilib ki, cinayəti K.Ələkbərov törədib. Hadisədən iki gün sonra sonuncu polis bölməsinə könüllü gedərək,
təslim olub. Məlum olub ki, mərhum Dövlət Neft Akademiyasının tələbəsi olub, şübhəli şəxs isə həmin ərazidə fəaliyyət göstərən limonad sexində işləyib. Faktla əlaqədar Xətai rayon prokurorluğunda cinayət işi başlanıb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Elmar Əliyevin ölümünə döş qəfəsi nahiyyəsinə yetirilən xəsarət nəticəsində inkişaf edən kəskin qanitirmə səbəb olub.
İstintaqla müəyyən edilib ki, Elmar Kərimin yaşadığı məhəllənin yanında sexdə işləyib, sonuncu tez-tez onlardan limonad və sirələr alıb, buna görə, onların aralarında dosluq münasibətləri yaranıb. Elmar bəzən Kərimin yanına gedərək, vaxtının əksər hissəsini orada keçirib. Həmin gün sexə gəldikdə Ələkbərov bununla əlaqədar ona narazılığını bildirib, xahiş edib ki Elmar ora gəlməsin, çünki iş vaxtı ona mane olur. Tanışının iradı onun xoşuna gəlməyib, o çıxıb gedıb, lakin axşam içdiyi pivənin təsirindən yüngül dərəcəli sərxoşluq vəziyyətində olan Elmar Kərimlə münasibətinə aydınlıq gətirmək qərarına gəlib. Buna görə, sonuncu işdən çıxıb, evə gedərkən küçədə onunla mübahisə etməyə başlayıb. Sözlü münahisəyə davaya çevrilib, Elmar Kərimə yumruqla bir neçə zərbə vurub, bundan hiddətlənən Ələkbərov cibində gəzdirdiyi açılıb-qatlanan bıçağı çıxarıb, onun döş qəfəsi nahiyyəsindən zərbə endirib.
Məhkəmə prosesində Kamil Ələkbərov ittiham üzrə özünü qismən təqsirli bilərək Elmar Əliyevi öldürmək fikrində olmadığını bildirib. Onun sözlərinə görə, həmin gün o sadəcə olaraq Elmardan iş yerinə gəlib, onu narahat etməməsini xahiş edib, ona görə ki bundan əvvəl müdiriyyət ona iradını bildirib. Axşam isə, işdən evə gedərkən Əliyevin onu "razborka"ya təhrik etməsi onun üçün gözlənilməz olub :"Mən onun sərxoş olduğunu hiss etdım, dedim ki, qalsın sonraya. O, isə əl çəkmədi, məni ağır söyüşlərlə təhqir eləməyə başladı. Sonra mənə yumruq atdı, özümü müdafiə etmək üçün ona bıçaqla bir zərbə vurdum. Elmar yıxıldı, mən isə qorxduğum üçün qaçdım. Səhərisi gün iş əvəzinə, rayona gedib, baş vermiş hadisəni valideynlərimə danışdım. Daha bir gündən sonra Bakıya gəlib, təslim oldum. Əməlimdən peşmanam".
Zərərçəkən Vilayət Əliyev bildirib ki, hadisə baş verən gecə işdə, növbədə olub. Ona ailə üzvləri zəng edərək xəbər veriblər ki, oğlu bıçaqlanıb və xəstəxanaya yerləşdirilib. Daha sonra o bilib ki, Elmar keçinib, hadisənin baş vermə səbəbini ona istintaq zamanı məlum olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən məhkum apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsi K.Ələkbərovun şikayətini təmin etməyərək hökmü dəyişdirilmədən qüvvəsində saxlayıb.
Xəbər 550 dəfə oxunub.